Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" daha 2 futbolçusu ilə yollarını ayırır.
Bu barədə Sportnet.az-a klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
O bildirib ki, Harramiz Soares və Xorxe Korrea ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilməsi istiqamətində işlər gedir: "Korrea ilə bağlı durumun aydınlaşdırılması prosesi gedir. O, komandanı tərk edə bilər. Harramizin məsələsinə isə bu gün və ya sabah aydınlıq gələcək. Çox güman ki, yollarımızı ayracağıq".
Allahverdiyev transfer etmək istədikləri xorvatiyalı qapıçı İvan Brkiçlə danışıqlar apardıqlarını təsdiqləyib: "Hər şey uğurlu olsa, onun keçidini də açıqlayacağıq".
Qeyd edək ki, son klubu Latviya "Riqa"sı olan 27 yaşlı qolkiper ölkəsində "İstra", "Lokomotiva", "İmotski", "Tsibaliya" komandalarının, həmçinin Bosniya və Herseqovinada "Jrinski"nin formasını geyinib.