Azərbaycanlı futbolçu statusunda oynaya bilməsi üçün "Neftçi"nin yeni transferi Azər Əliyevin milli komandada çıxış etmək səlahiyyəti olmalıdır.
Bu barədə Sportnet.az-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Milli assosiasiya rəsmisinin sözlərinə görə, bununla bağlı FIFA-ya müraciət olunacaq: "Müraciət üçün əvvəlcə müvafiq sənədlərin toplanması lazımdır. Prosesin nə qədər davam edəcəyini dəqiq deyə bilmərəm, amma bu, 1-2 gün ərzində həll olunası məsələ deyil".
Qeyd edək ki, son klubu Rusiya "Ufa"sı olan Azər Əliyev "Neftçi" ilə 3,5 illik müqavilə imzalayıb. O, paytaxt klubunda hələlik legioner oyunçu stasusunda çıxış edəcək.