"Qış fasiləsindən sonra ilk rəsmi oyunumuz idi, buna görə də bizim üçün çətin oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, "Sabah" yüksəlişdə olan komandadır: "Kubok görüşü olduğundan ikinci matçda da bu cür çətinliklər bizi gözləyəcək. Yolumuza davam etmək istəyirik".
Abasov komandadan ayrılan futbolçular haqqında da danışıb: "Harramiz Soares uğursuz transfer oldu. Onu komandada saxlamaq yersiz idi. Özü ilə də danışdıq. Bizi anlayışla qarşıladı. Amma Romen Baskı buraxmamalı idik. Ailəsinə görə komandadan ayrıldı. Dəfələrlə söhbətlərimiz oldu. Lakin ailəsi bura gəlmək istəmədi. Ona görə üzülürəm. Lakin Mamadu Kane və Sabir Buqrinin gedəcəyini gözləyirdik. Yeni komanda qururuq. Bir az vaxt lazımdır".
Baş məşqçi yeni transferlərin komandaya xeyir verəcəyini söyləyib: "Gilyerme Pato tanıdığımız oyunçudur. Azər Əliyevə gəlincə, Rusiyadan futbolçunu bura gətirmək asan deyil. Amma komandaya gec qoşulduqları üçün problem yaşadıq. Ona görə də futbolçuları dəyişə-dəyişə hazırlayacağıq. Ümid edirəm ki, tezliklə bunun öhdəsindən gələcəklər. Çünki hamısı yaxşı futbolçulardır".
Mütəxəssis komandadakı problemləri gördüklərini vurğulayıb: "Hücumçular əla vəziyyətdə deyil ki, çıxıb 90 dəqiqə oynasın. Ramon Maçado pis forvard deyil. Nə tapşırıq veririksə, yerinə yetirir. Düzdür, Eddi İsrafilov Kane, Vüsal Əsgərov Buqrin deyil. Amma onların üstün tərəflərindən yararlanmağa çalışırıq. Hazırda komandanı gücləndirmək barədə düşünmürük. Çünki imkanımız o səviyyədə deyil. Komandada ab-hava yüksək səviyyədədir. Bu gün 1:0 hesabı ilə udsaydıq belə, problemlər eyni olacaqdı".
O, "Qarabağ"a qarşı keçirəcəkləri Premyer Liqanın XV tur oyununa da toxunub: "Bir həftə ərzində necə hazırlaşacağımızla bağlı çox baş sındırmağa ehtiyac yoxdur. Bunun öz planı var. Hansı oyunçunun həmin vaxt neçə dəqiqə hazır olacağını indidən demək mümkün deyil. Yeni transferlərin də komandaya uyğunlaşmalarını gözləyəcəyik. Bədbinliyə qapılmıram. Çıxış yolumuz durumu yaxşılaşdırmaqdır".
Abasov Antalya toplanışı zamanı baxışda olmuş panamalı Ansoni Friasın komandada qalmamasının səbəbini də açıqlayıb. O, 21 yaşlı hücumçunun xoş təəssürat yaratdığını bildirib: "Oyunçu haqda məlumatı klub rəhbərliyinə bildirdik. Sadəcə, viza məsələsi, bura gəlməsi var idi. Ölkəsindən Türkiyəyə yollanması asan idi. Evinə qayıtdıqdan sonra klubu ilə aparılan danışıqlarla menecerlər məşğuldur. Həddən artıq yaxşı təəssürat yaratmışdı. Amma gələ biləcəkmi, bunu bilmirəm".