"Biz də hamı kimi çempionat üçün darıxmışdıq, bu gün çox vacib qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssisin sözlərinə görə qələbə komanda üçün ikiqat vacib olub: "Qarşılaşmadan əvvəl gərginlik var idi. İlk dəqiqələrdən topa nəzarət etmək istəyirdik. Qol epizodlarımız da oldu. Futbolçular son zərbələrdə inamsız idilər. İkinci yarıya ehtiyatlı başladıq. Rəqib standart vəziyyətlərdə bacarıqlıdır və istedadlı oyunçuları var. "Keşlə"ni gücdən salaraq hesabı artırmaq istəyirdik. İkinci qolu vurub matçın sonunu daha rahat keçirə bilərdik".
Sadıqov əks-hücumda yaxalanmaqdan ehtiyat etdiklərini söyləyib: "Mövsümün əvvəlidir və fiziki cəhətdən tam hazır deyilik. Əsas odur ki, nəticə qazandıq. Hər futbolçumdan razıyam. Hamidu Keyta bizə bir qədər gec qoşulub. Hücum xəttimizə güc qatacağına inanıram. Oyunçularımızın hər biri bizim üçün dəyərlidir".
Baş məşqçi bir neçə futbolçu transfer etmək istədiklərini sözlərinə əlavə edib: "Axtarışlarımız davam edir. Danışıq apardığımız futbolçular var. İki futbolçu götürmək istəyirik. Bu, üç oyunçu da ola bilər. Yayda heyəti tam formalaşdıra bilməmişdik. Heyətin geniş olması yaxşıdır".