Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli "sportske novosti"nin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- “Dinamo”ya transfer özünüzü böyük səhnədə göstərmək üçün şansdır?
- Nə düşündüyünüzü bilirəm... Bununla belə, hazırda tək fikirləşdiyim şey “Dinamo”nun bir parçası olmaq, keyfiyyətimi göstərmək, komanda üçün mübarizə aparmaq və əlimdən gələni etməkdir. Deməli, mən öz gələcəyimi deyil, yalnız “Dinamo”nu düşünürəm. Artıq böyük səhnədə olmuşam, avrokubok matçları, Çempionlar Liqası... Demirəm ki, Avropada oynamaq təcrübəm çoxdur. Ancaq yaşıma görə kifayət qədər təcrübəm olduğunu hesab edirəm. İnanıram ki, “Dinamo”ya xeyir verəcəyəm, məşqçilərin, komanda yoldaşlarımın, azarkeşlərin gözləntilərini doğruldacağam.
- “Dinamo” haqda nə bilirsiniz?
- “Dinamo”nun tarixi ilə bağlı hər şeyi bilirəm. Oxudum, hər şeyi öyrəndim. “Dinamo”nun təkcə Zaqreb deyil, bütün Xorvatiya üçün nə qədər dəyərli olduğunu bilirəm. Yutubda sənədli filmlərə baxdım. Məsələn, böyük futbolçu Zvonimir Bobanın “Dinamo”da oynadığını bilirəm. Onu da bilirəm ki, yeni klubum transferlərdə əla iş görür, biznes baxımından mükəmməldir, fenomenal futbolu var. Avropanın elit klubları üçün ən yaxşı oyunçuları göndərən məktəbdir. “Dinamo” Xorvatiya millisinə çoxlu sayda oyunçu verir, ölkə çempionluqları qazanır, son illər Avropada özünü doğruldub. Bəli, “Dinamo” haqda çox şey öyrənmişəm. Bununla belə, hamısını deyil. Xorvatiya barədə də çox şey öyrəndim. Amma indi futboldan danışırıq, ona görə də deyə bilərəm ki, böyük kluba gəlmişəm. Ona da bələdəm ki, “Dinamo” təkcə futbol hekayəsi deyil, həm də daha geniş məna daşıyır. Azərbaycandakı “Qarabağ” kimi. Çünki “Qarabağ” təkcə futbol meydançasında deyil, ondan kənarda da ölkəmizin tarixidir. “Dinamo”da da belədir.
- “Dinamo”nun oyunçuları barədə hansı məlumata maliksiniz?
- Dominik Livakoviç və Bruno Petkoviçi əvvəldən tanıyıram. Çünki təkcə “Legiya” forması altında deyil, həm də millidə olarkən onlara qarşı çıxış etmişəm. Onlardan başqa, Mislav Orşiçlə bağlı hər şeyi, xüsusən də, onun “Tottenhem”ə qarşı etdiklərini bilirəm. Luka İvanuşets, Ariyan Ademini tanıyıram, kapitan son dərəcə ağıllı oyunçudur. Teofil-Katerin çox güclü futbolçudur. Stefan Ristovski “Sportinq”də olan zaman ona qarşı da oynamışam. “Dinamo”da çoxlu keyfiyyətli futbolçular, yaxşı insanlar, böyük ürəkli gənclər var. Baş məşqçimiz Jelko Kopiç də əla insandır. Zaqrebdə olduğum bir neçə gün ərzində bütün bunları gördüm. Baş məşqçinin futbolçularla, komanda ilə necə gözəl işlədiyini dərhal gördüm. Bilirəm ki, onun rəhbərliyi altında bütün bacarığımı göstərə biləcəyəm. Özümü sübut etmək üçün çox çalışacağam. Və bir şey daha... Bu ilk günlərdə mənə çox kömək edən komanda yoldaşlarıma, məşqçiyə və bütün heyətə təşəkkür etmək istəyirəm.
- Polşa mətbuatı “Legiya”dan pis xatirələrlə ayrıldığınızı yazıb. Xüsusən də, spirtli içki qəbulu ilə bağlı yazılar dərc olunub...
- Bu haqda danışmağı xoşlamıram. Amma yeni kluba gəldiyim üçün izah etmək istəyirəm. Hər kəs əsl həqiqəti bilsin. İndi sizə hər şeyin necə başladığını söyləyəcəyəm. Gecə klubundan çəkdiyim fotolardan biri dərc olundu. Bəli, bəzən klublara gedirdim, etiraf etmək mənim üçün çətin deyil. Heç kimə yalan danışmaram, çünki mən beləyəm. Bir neçə gün istirahətim olanda ora gedirəm, nə problem var ki? Ancaq nadir hallarda, bir neçə ayda bir dəfə gedirəm. Ancaq əsla içmirəm. Mediada yayılan həmin fotoya qayıdaq. Bu, “Slaviya” ilə oyundan əvvəl baş verdi. Onların qapısına 3 qol vurdum. Həmin vaxt heç əylənmədim. O şəkil çıxandan sonra yazılmağa başladı ki, mən pis adamam, kluba hörmət etmirəm. Boş olduğum zaman bir məkana getməyim barədə altı ay yazıldı. Davamlı olaraq eyni şəkli fırladıqlarından, deyilirdi ki, daim gecə klublarına gedirəm. Halbuki altı ayda bir dəfə bunu edirdim. İnanılmazdır. Bunu kim qurdu, həqiqətən bilmirəm, başa düşmürəm. Mən maksimum peşəkaram.
- HNL-lə bağlı nələri bilirsiniz? Xorvatiya çempionatının Polşa liqasından yaxşı olduğunu düşünürsünüz?
- Polşa liqasında nə olacağını heç vaxt bilmirsən, maraqlı yarışdır. Ancaq “Dinamo”ya gəlişimlə bağlı söhbət başlayanda Xorvatiya çempionatında baş verən hər şeyi ciddi şəkildə izlədim, oyunların necə keçirildiyinə baxdım. Polşa liqası ilə müqayisədə buradakı oyun taktiki mənada qat-qat yaxşıdır. Futbolçuların son dərəcə üstün texnikası, futbol biliyi var. Xorvatiya çempionatında çoxlu güclü adlar cəmləşib. Polşa Ekstraklasası döyüşçülər liqasıdır. Əsasən fiziki gücə əsaslanır. Oyun möhkəm, aqressiv, bəzən çirkli olur. Əlbəttə ki, onu İngiltərə Premyer Liqası ilə müqayisə etməyəcəyəm. Çünki ora dünyanın ən yaxşı liqasıdır. Amma bu cür futbol oynanılır. Davamlı mübarizə aparılır. Xorvatiyada vəziyyət fərqlidir, burada hamı futbol oynamaq istəyir, topa sahib olmağı sevir, mövqeli hücumlar edir. Bu cür futbolu xüsusilə sevirəm.
- Xorvatiya çempionatında oyunlara çox sayda tamaşaçı gəlmir. Polşa bu baxımdan daha yaxşıdır?
- Bu fikirlə qətiyyən razı deyiləm. Məsələn, Polşaya getməzdən əvvəl “Qarabağ”da çıxış edirdim. Tribunalarda tamaşaçı çox olmurdu. Onlar ancaq derbilərdə, “Qarabağ”la “Neftçi”nin duellərində və bizim avrokubok matçlarımızda tribunaları doldururdular. Polşa ilə Xorvatiyanı müqayisə edəndə isə çox mühüm bir faktı nəzərə almaq lazımdır. Xorvatiyanın 4 milyona yaxın, Polşanın isə 40 milyon əhalisi var. Bu çox şeyi izah edir. Ona görə də düşünmürəm ki, Xorvatiya liqasında az sayda tamaşaçı var. Sakinlərin sayını nəzərə alsaq, mənə elə gəlir ki, vəziyyət çox yaxşıdır. Təbii ki, hamı stadionlarda daha çox tamaşaçının olmasını istərdi, amma sizin azarkeşləriniz, ultralarınız əladır! Onların səfər matçlarına yollandığını görürəm. Milli komandanızın oyunları zamanı da azarkeşlər çox olur. Yığmanızın çıxış etdiyi bütün böyük yarışlarda azarkeşlər ən yaxşı olurlar.
- “Dinamo”nun HNL-dəki əsas rəqibləri “Osiyek”, “Hayduk”, “Riyeka” barədə nələr bilirsiniz?
- “Hayduk” haqda çox şey bilirəm. Yaxın dostlarımdan biri Ruslan Qurbanov bir vaxtlar “Hayduk”da çıxış edib, “Neftçi”dən Splitə gəlmişdi. Həmçinin “Legiya”da birlikdə oynadığım Yosip Yuranoviç də “Hayduk” haqda çox şey danışırdı. Bilirəm ki, Split gözəl şəhərdir və “Dinamo” – “Hayduk” matçları Xorvatiya futbolunun ən böyük derbisidir. “Riyeka” isə son 15 ildə “Dinamo”dan başqa çempion olan yeganə komandadır (apasport.az).