"Kubok bizim üçün vacibdir, amma çempionatda da xallar qazanmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov səfərdə "Sabah" komandasına 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra klubun rəsmi saytına açıqlamasında deyib. O, rəqibləri çox irəli buraxmamalı olduqlarını söyləyib: "Çempionluq çətin görünsə də, sonadək mübarizə aparmalıyıq”.
Qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə "ağ-qaralar"ın yarımfinala adlamasına böyük töhfə verən yarımmüdafiəçi ard-arda qolların rəqibi şoka saldığını bildirib: “Sabah” yaxşı komandadır, rəqibin yaxşı baş məşqçisi var. Buna görə də bizim üçün ağır oyun oldu. İlk hissədə rəqibə çox boşluq verdik və ikinci hissəyə 0:1 hesabı ilə məğlub başladıq. Təbii ki, hesabda geri düşəndən sonra da kuboku əldən verəcəyimiz haqda düşünmürdük, amma “Sabah” bizi həmişəkindən çox müdafiə olunmağa vadar edirdi. Artıq itirməyə heç nə yox idi və biz fasilədən sonra döyüşə atıldıq, nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Vaxtında ilk qolu vurduq. Dərhal sonra ikinci qol gəldi və bu, demək olar ki, rəqibi şoka saldı".
Qeyd edək ki, "Neftçi" yarımfinalda "Zirə" - "Səbail" cütünün qalibi ilə üz-üzə gələcək.