
"Turan Tovuz"un Premyer Liqada iştirak etməsi üçün təxminən bir il ərzində 800 min - 1 milyon manat lazımdır".
Sportnet.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədov deyib.
O bildirib ki, komanda bu məbləğlə qarşısına hansısa məqsəd qoya bilməz: "Sadəcə, normal şəraitdə çıxış etmək üçün bu qədər vəsat lazımdır. Komandanın güclülər dəstəsinə qayıtma şansı hər an var. "Turan Tovuz" bilsə ki, I Divizionda qalib gələcək və Premyer Liqada iştirak edəcək, əminəm ki, çempion olar. Amma onlar bir dəfə çempion olublar və maliyyə çətinliyi ilə əlaqədar elitada iştirak edə bilməyiblər.
Əhmədovun sözlərinö görə, "Turan Tovuz" Azərbaycan futbolunun beşiyidir: "Tovuzda hamı futbolla yaşayır. O bölgənin hər zaman futbolu olub. İlk dəfə beynəlxalq hakim məhz "Turan"ın oyununu idarə edib. 1950-ci illərdə hansısa əyalətdən "Neftçi"nin heyətində futbolçu yox idi. Amma Tovuzdan 3-4 oyunçu görə bilirdik. Bu şəhərin çox güclü futbol ənənələri var. Futbola həvəs sanki onların qanında var. Premyer Liqaya vəsiqə qazanmaq bu klub üçün o qədər də çətin deyil. Sadəcə, maliyyə çətinliklərinə görə güclülər dəstəsində iştirak təmin edilmir".