2022-ci il dünya çempionatının pley-off mərhələsinin final görüşünə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, bu hüquqa İsveç millisi Çexiya üzərində minimal hesablı qələbə sayəsində yiyələnib. Əsas vaxtı qolsuz tamamlanan görüşdə yeganə qolu 110-cu dəqiqədə Robin Kuayson vurub.
Daha əvvəl bu hüquqa Portuqaliya, Şimali Makedoniya, Uels və Polşa da sahib çıxıb.
Beləliklə, martın 29-da keçiriləcək final görüşlərində qarşılaşacaqlar:
Uels - Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya - Şimali Makedoniya
Polşa - İsveç
--------------------------
Türkiyə, İtaliya və Avstriya yığmaları 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.
Sportnet.az-ın məlumatına görə, Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinal oyunlarında Türkiyə Portuqaliyaya, Avstriya isə Uelsə uduzub.
Portu şəhərindəki "Draqau" stadionunda təşkil olunmuş qarşılaşmada ilk iki qolu birinci hissədə Portuqaliya millisinin futbolçuları Otavio və Dioqu Jota vurub. 65-ci dəqiqədə Türkiyə millisinin kapitanı Burak Yılmaz fərqi azaldıb. Lakin o, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.
Almaniyalı referi VAR sisteminə müraciət etdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin etsə də, təcrübəli hücumçu topu qapıdan kənara vurub. Matçda son nöqtəni isə meydan sahiblərinin futbolçusu Mateus Nunes 90+4-cü dəqiqədə qoyub.
Portuqaliyanın finalda rəqibi İtaliyaya qalib gələrək, sensasiyaya imza atan Şimali Makedoniya olacaq. Bu görüşdə yeganə qolu 90+2-ci dəqiqədə Aleksandar Traykovski vurub. Bununla da İtaliya millisi ardıcıl ikinci dəfə dünya çempionatından kənarda qalıb.
Uels yığmasının lideri Qaret Beyl isə 25-ci və 51-ci dəqiqələrdə dubl edərək, komandasını finala daşıyıb. Onun komanda yoldaşı Ben Devis avtoqol müəllifi olsa da, qələbə yenə britaniyalıların olub. Uels finalda iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.
-----------------------
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcədən planlaşdırılan 6 qarşılaşmadan 4-ü baş tutacaq.
A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kollektivin həlledici görüşdəki rəqibi İsveç - Çexiya matçının qalibi olacaq.
B yolunda Şotlandiya - Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels seçməsi evdə Avstriyanı sınağa çəkəcək.
C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. "Draqau" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart
A yolu
23:45. Uels - Avstriya - 2:1
Qollar: Qaret Beyl, 25; 51 - Ben Devis, 65 (öz qapısına)
B yolu
23:45. İsveç - Çexiya - 1:0 (ƏLAVƏ VAXT - 1:0)
Qol: Robin Kvayson, 110
C yolu
23:45. İtaliya - Şimali Makedoniya - 0:1
Qol: Aleksandar Traykovski, 90+2
23:45. Portuqaliya - Türkiyə - 3:1
Qollar: Otavio, 15. Dioqu Jota, 42. Mateus Nunes, 90+4 - Burak Yılmaz, 65
İstifadə olunmamış penalti: Burak Yılmaz, 85 (Türkiyə)
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.