"Xalı yalnız millinin oyunlarından sonra itirmirik, digər vaxtlarda da olur. Milliyə görə uduzduğumuzu demək düzgün deyil".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunu barədə danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi Ramazan ayının komandaya problem yaratmadığını bildirib: "Ötən ildə də oruc tutub, futbol oynayırdıq. Sadəcə, son oyunumuz alınmadı. Danışılası heç nə yoxdur. Bəlkə də yığmanın oyunlarından yeni gəldiyimizə görə yaxşı oynaya bilmədik. Komanda ilə bir dəfə məşq etmişdik. Oyunumuz bu səbəbdən alınmadı".
Mahmudov XXII turda "Şamaxı" ilə səfər qarşılaşmasında qələbə qazanmaq istədiklərini bildirib: "Motivasiyamız normaldır, qələbə qazanmağa çalışacağıq. Şamaxıya ilk dəfə gedirik, meydanın necə olduğunu bilmirik. Ancaq qələbə haqqında düşünürük. Qarşılaşmaya çox azarkeş gəlsə, sevinərik. Çempionat oyunlarına elə də fanat gəlmir. Amma ümid edirəm ki, bu bölgədəki matçlara daha çox tərəfdar gələcək".
Təcrübəli oyunçu cəza səbəbindən görüşü buraxan Eddi İsrafilovun mövqeyində oynamağa hazır olduğunu söyləyib: "Müxtəlif vaxtlarda - daha çox Rusiyada 6 nömrə mövqeyində çıxış etmişəm. Lazım olsa, məşqçilər hansı mövqeyə qoysalar, orada da oynayacağam".
Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.