
"Maraqlı oyun alındı, rəqib bu matçda səhvlərimizə qarşı amansız idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis birinci hissədə rəqibə üstünlük vermədiklərini bildirib: "Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanacaq. Çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olan halda qələbə qazanmaq müşkülə çevrilir".
Sadıqov birinci hissənin sönük alındığını söyləyib: "Sabah"a qarşı ilk yarıda istədiyin oyunu sərgiləmək çətindir. Amma səbrli davranıb müəyyən dəqiqələr keçdikdən sonra bu komandaya qarşı istədiyin oyunu nümayiş etdirmək olar. Ani diqqətsizsizlikdən hissənin sonunda qapımıza cərimə zərbəsi təyin olundu. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Bu komandaya üstünlük verdikdən sonra görüşün taleyini dəyişmək asan deyil. Amma buna baxmayaraq hesabı bərabərləşdirdik. Görüş bizim üçün pis getmirdi. Daha sonra müdafiədə səhvlər oldu və rəqibin heyətində yetəri qədər usta futbolçular var ki, bunu bağışlamır".
Baş məşqçi komandasının buraxılan ilk qoldan sonra xarakter nümayiş etdirdiyini diqqətə çatdırıb: "Təhlükəli hücumçular oldu. Rəqib yaxşı müdafiə olunurdu və fərqlənməyimizə icazə vermədilər. Komandanın çıxışından razıyam, yaxşı oyunlarımızdan birini keçirdik".
Mütəxəssis Davit Volkovun ürəksiz oynamadığını söyləyib: "O, çox yaxşı insandır. Özü ilə söhbətlərimiz olub. Təkliflərin olması və millinin aparıcı üzvlərindən birinə çevrilməsi psixoloji cəhətdən futbolçuya təsir edir. Mənim üçün oyunçunun qol vurub-vurmaması əsas göstərici deyil. Həmişə qol imkanlarından istifadə etmək mümkün deyil".
Sadıqov avrokuboklara vəsiqə qazanmaq istədiklərini deyib: "Bunun üçün sıx qrafikə hazır olmalıyıq. Heyətdə təcrübəli futbolçularımız var. Hazırda üçüncü pillədəyik. Qış fasiləsindən sonraya nəzər salsaq, uğurlu çıxış etdiyimizi deyə bilərik. Çox çətin qrafikə düşmüşdük. Bu matçlarda xal itkilərimiz gözlənilən idi. Yolumuza davam etməli və növbəti görüşləri düşünməliyik".
Baş məşqçi hakimlik haqqında danışmaq istəmədiyini söyləyib: "Keşmişdə olanlar heç nəyi dəyişməyəcək. Danışsaq, boş yerə əhvalımızı korlayacağıq. Önümüzə baxmalıyıq. Neqativ şeyləri kənara qoymalı və özümüzü düşünməliyik".