"Fazil müəllimlə istefa barədə danışdım. Mənə bildirdi ki, işlərimin çoxluğu ilə əlaqədar federasiya prezidenti kimi fəaliyyət göstərə bilmirəm". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Report"a açıqlamasında Azərbaycan Tələbə Futbol Federasiyasının (ATTF) vitse-prezidenti Oqtay Abdullayev deyib.
Abdullayev istefa ərizəsinin qəbul olunacağını bildirib: "Fazil müəllim işləri ilə əlaqədar tez-tez xarici ölkələrdə olur. Artıq istefa ərizəsini yazıb. Tezliklə ATTF-nin İcraiyyə Komitəsi bu məsələyə baxacaq. Bundan sonra onun vəzifəsinə xitam veriləcək".
Vitse-prezident F.Məmmədovun yerinə yeni namizəddən də danışıb. "Federasiyanın yeni rəhbəri Təhsil Nazirliyindən olsa, daha yaxşı olar. Çünki bizdə tələbələrlə iş gedir və Təhsil Nazirliyinin də işi gənclərlə işləməkdir. Ancaq kim olacağını deyə bilmərəm. Məsələ ilə bağlı AFFA və Təhsil Nazirliyi ilə danışıq aparacağıq". (Report.az)