
Azərbaycan Premyer Liqasının XXII turunu da yola saldıq. 4 matçda bir-birindən maraqlı və sensasiyalı nəticələr tabloları bəzədi. Sportnet.az-ın əməkdaşı oyunlar haqqında analizləri təqdim edir...
"Sumqayıt" - "Qarabağ" - 0:3
Mövsüm start götürəndən qara zolağa yuvarlanan "kimyaçılar"dan "köhlən atlar" kimi güclü rəqibi məğlub edəcəyini gözləmək xam xəyal olardı. Amma ən azından güclü rəqibə qarşı açıq futbol ilə rəngarəng oyun sərgiləmək, nə qədər çətin olsa da, 1 xal qoparmağı gözləmək olardı. Matç zamanı “Sumqayıt” sürətli keçidlər, əks-hücumlarla "Qarabağ"a baş ağrısı verir, hətta ilk qolu buraxandan sonra da sürətli hücumlar qururdular. Əsasən də Tellur Mütəllimovun yer aldığı cinahdan. Lakin 2-ci qoldan sonra kimyaçılar tamamilə ruhdan düşdülər. Ümumiyyətlə “Sumqayıt” komandası qapısında bir qol buraxdıqdan sonra irəli atıldığı halda, ikinci qoldan sonra ümumiyyətlə oyun ritmi, mübarizə əzmini itirmiş olur. Bunu digər komandalarla oyunda da müşahidə etmək olar.
Təbii ki, "gənclik şəhəri" təmsilçisindən heç kim ortaya çempionluq iddiası qoymasını gözləmir, ancaq ard-arda məğlubiyyətlər seriyasına da göz yummaq olmur. Ayxan Abbasovun rəhbərliyi dövründə komanda daha mübariz oyunu ilə seçilirdisə, indi həmin kollektivdən əsər-əlamət qalmayıb. Geriyə "tərəqqi" baş verəcəkdisə, yerli baş məşqçi ilə yollarını ayırıb Azərbaycan futboluna yaxından-uzaqdan əlaqəsi olmayan belaruslu Aleksey Baqanın gətirilməsi nə qədər doğrudu?!
Digər məqam qapıçı məsələsidir. Onsuz da heyətində qapıçı sarıdan problemi olmayan, Tərlan Əhmədli, Aydın Bayramov kimi Premyer Liqa təcrübəsi olan əlçək sahibləri ola-ola, hələ əvəzedici heyətində də gənc qolkiperləri varsa, gedib Ukraynada itib-batmış Andrey Popoviçi sıralarına qataraq, dalbadal start heyətində oynatmaq hansı məntiqə sığır?! Demirəm ki, komandanı Popoviç uduzdurur, amma "Qapıçı komandanın yarısıdır" sözü boş yerə deyilmir. Yəni, qapı xəttində kimin yer almasının meydanda digər oyunlçulara həm qarşılıqlı koordinasiya, həm də arxayınlıq baxımından çox təsiri var. Baxın, İtaliya millisinin qapısını Canluci Buffon, ABŞ millisinin qapısını Bred Fridel qoruyanda, Türkiyə millisində Rüştü Rəcbəl kimi qolkiperlər yer alanda, başda müdafiəçilər olmaqla, digər oyunçular daha arxayın, soyuqqanlı oynayırlar.
Düşünürəm ki, Baqa növbəti oyunlarda Tərlan Əhmədli və ya Aydın Bayramova start heyətində yer verməklə yanaşı, onsuz da itiriləcək bir şeyi olmadığından, daha yaradıcı futbol sərgiləməyi oyunçularına aşılamalıdır.
“Qarabağ”a gəlincə, təmkinlikdən uzaq olmasın, amma komanda çempionluq estafetinə çox yaxınlaşıb. UEFA Konfrans Liqası macərası bitdikdən sonra komanda ancaq ölkə çempionatına yüklənib və ard-arda böyük hesablı qələbələri sıralayır. Bir oyun az keçirməsini də nəzərə alsaq, "Qarabağ" daha 3 tur qalib gəlsə, çempionluğunu təmin etmiş olacaq. Hazırda komandada bütün futbolçular formada olsalar da, Leandro Andrade digərlərindən daha çox fərqlənir və son 2 oyunda artıq 3 qol vurub.
"Sabah" - "Zirə" - 3:1
Bu oyunu XXVI turun mərkəzi qarşılaşması olmaqla yanaşı, həm də bir növ sensasiya adlandırmaq olar. Çünki “Zirə”nin belə hesabla uduzacağını, bu qədər top buraxacağını çoxları gözləmirdi. Kubokla vidalaşandan sonra çempionat oyunlarında enişə doğru gedən “Sabah”ın son 3 oyunda qələbələri sıralamaqla ikinci nəfəsi açılıb. Bunu hər şeydən əvvəl onunla izah etmək olar ki, rusiyalı baş məşqçi Murad Musayev artıq itirəcəyi ciddi bir şeyin olmadığını anlayır, rəhbərlik də onun qarşısına gələn mövsüm daha iddialı yerləri fəth etməyi tapşırıq qoyub. Lakin komandanın avrokuboklara vəsiqə qazandıran 3-4-cü yer uğrunda şansı var. Odur ki, döyüşkən kollektiv və yaradıcı hücum futbolu taktikasını seçməklə, rusiyalı mütəxəsis ilk "dördlüy"ə daxil olmağa çox yaxındır.
Musayevin digər baş məşqçilərdən daha bir fərqli cəhəti odur ki, əlinin altındakı futbolçuların hamısından maksimum istifadə edir. “Sabah” ölkə çempionatında həm səviyyəli əcnəbi, həm yerli təcrübəli, o cümlədən, yığmada təcrübəsi olan futbolçulara sahibdir. Buna baxmayaraq, komandada mütəmadi olaraq, yerli gənc futbolçulara da üstünlük verilir, əvəzedici heyətin futbolçuları əsas komandaya cəlb edilir. Qapıda Səlahət Ağayev kimi təcrübəli qolkiperin olmasına rəğmən, son oyunlarda gənc Yusif İmanova şans verilir. O da özünü artıq yaxşı tərəfdən göstərməkdədir. Qısası, “Sabah” klubunda bütün futbolçulara oyun şansı verildiyindən, onlar meydanda maksimum güclərini, bacarıqlarını nümayiş etdirirlər.
“Zirə”yə gəlincə, son 4 oyunda ard-arda qızıla bərabər xalların itirilməsi, oyunda intizamının aşağı enməsi, oyunçular arasında meydanda rabitənin olmaması və s. komandanı bataqlığa sürükləyir. Mövsümə olduqca iddialı başlayaraq, oyunu ilə 2-ci pilləyə qədər yüksələn Rəşad Sadıqovun komandası özünə bənzəmir. Komandada kollektiv oyundan əsər-əlamət qalmayıb, ancaq fərdi futbolçular sayəsində hansısa nəticəyə ümid edirlər. Bu cür oyunla qəsəbə təmsilçisi nəinki 3-cü pilləni qoruya biləcək, hətta 5-ci pilləyə yuvarlanmasa yaxşıdır. Sadıqov komandanı birinci növbətə, psixoloji olaraq özünə inamı qaytarmalı, ardınca da mütləq qələbə qazanmalıdır ki, bu, həm komandaya stimul versin, həm də mövqeyini qorusun.
"Şamaxı"- "Neftçi" - 1:2
Bu oyuna əlavə rəng qatan o idi ki, artıq "Keşlə" tarixə qovuşmuş, həmin komanda “Şamaxı” adı ilə eyninadlı şəhəri təmsil edərək meydana çıxmışdı. Bu matçda həm azarkeşlərin, həm də jurnalistlərin gözləntisi o idi ki, 30 ildən sonra Şamaxı şəhərində baş tutan oyunda Sənan Qurbanovun komandası sərfəli nəticəyə - ən azı heç-heçəyə nail olacaq. Matça "ağ-qırmızılar" fəal başlayıb, hesabı da özləri açsa da, yenə məğlubiyyətlə meydanı tərk etdilər. Komandada bir diqqət çəkən məqam var: Hücumun qurulmasında kollektiv yaradıcılıq gözə dəysə də, müdafiə olunmaqda və əks-hücuma çıxıb-geriyə vaxtında qayıtma baxımından futbolçularda ansambl yox dərəcəsindədir. Elə komandanı turnir cədvəlində 6-cı sırda saxlayan əsas məqam budur. Sona 6 tur qalıb, komanda onsuz da böyük ölçüdə tutduğu 6-cı yerdən yuxarı qalxa bilməyəcək. Amma heç olmasa, sərgilədiyi oyunu ilə yaradıcı və dağıdıcı balansı qoruya bilsə, komanda gələn mövsüm üçün daha hazırlıqlı heyəti formalaşdıra, yeni azarkeşlərin daha da rəğbətini qazanaraq güclü "12-ci oyunçu" dəstəyi təmin edə bilər.
“Neftçi” nə qədər xallar qazanıb 2-ci yerdə qərarlaşsa da, komanda heç də adına layiq ürəkaçan futbol sərgiləmir. Nəzər alsaq ki, "ağ-qaralar"ı lider “Qarabağ”dan 11 xal ayırır, ehtimal və nəzəri olaraq, çempionluq şanslarını saxlayırlar. Lakin komandanın baş məşqçisi Samir Abasov “Qarabağ kimi komanda ilə 11 xallıq fərqi aradan qaldırmaq çox çətindir” söyləyirsə, deməli, Neftçi çempionluqdan əlini çoxdan üzüb, sadəcə, daha aşağılara yuvarlanmamaq üçün meydana çıxır. Biri var komanda uduzur, amma oyun boyu dominantlıq edir, biri də var qorxaq futbol oyunu ilə tabloda dominantlıq edir. Bu gün “Neftçi” sərgilədiyi oyunu, qələbələri ilə yalnız tabloda dominantlıq edir. Çempionatın yekununda komandadan ayrılan futbolçuların sayının çox olacağı şübhəsisdir.
"Səbail" - "Qəbələ" - 3:0
Yola saldığımız turun sensasiyası məhz bu oyun oldu. Ard-arda 4 oyundur qələbəyə susamış “Qəbələ”dən hamı zəfər gözləyirdi. Nəzərə alsaq ki, “Zirə” də məğlub olmuşdu, "qırmızı-qaralar" qələbə qazansa 3-cü pilləyə qalxacaqdılar. Amma sən saydığını say, gör fələk nə sayır. Bu dəfə fələk obrazını "Səbail" yaşıl meydanda canlandıraraq “Qəbələ”ni 3 dəfə mərkəzə dəvət etməklə saydığını saydı. “Qəbələ”nin soyuq quyuya yuvarlanması Ruan Renato, Yaovi Akakpo, Fernan Lopez kimi aparıcı futbolçuların yoxluğu ilə əlaqələndirilsə də, bu, məğlubiyyətə bəraətedici səbəb deyil.
Səbəblər isə bunlardır:
1. Arda-arda xal itkiləri, qələbə həsrəti “Qəbələ” futbolçularında müəyyən ruh düşkünlüyü yaradıb;
2. Komanda son 4 oyunda, əsasən də XXI turda “Keşlə” ilə evdə dominant futbol sərgiləməsinə, çoxsaylı qol epizodları, qapı tirindən qayıdan toplara rəğmən, tablodakı 1:1 hesabını dəyişdirə bilmədi. Bu da onu göstərir ki, son nöqtəni qoyma baxımından çox geriləyiblər;
3. Onsuz da yetərincə itkiləri olan "qırmızı-qaralar"da baş məşqçi Elmar Baxşıyevin Ülvi İsgəndərov, Omar Hani, Patrik Robson kimi yaradıcı, qol duyumu olan futbolçuları ehtiyatda saxlaması düzgün deyildi. Hələ nəzərə alsaq ki, Rövlan Muradov formasından çox zəif çıxış etdi, ən azından adları çəkilən üç futbolçudan biri mütləq start heyətində yer almalı idi;
4. Ruan Renato kimi mərkəz müdafiəçinin, Fernan Lopez kimi playmeykerin yoxluğunu nəzərə alsaq, müdafiədə Murad Muradov, oyunun qurulmasında təcrübəli Asif Məmmədov, mərkəzdən gələn hücumların qarşısını almalı olan İsnik Alimiyə böyük yük düşəcəyi aydın idi. Odur ki, Fernan Lopezin yoxluğunu hiss etdirməmək üçün start heyətdə Ehtiram Şahverdiyev, həmçinin müdafiə xəttində təzyiqin daha az düşməsi üçün dayaq yarımmüdafiəçisi Kamal Mirzəyevin yer alması daha arzuolunan idi. Uzun müddətdir zədəli olaraq, oyun praktikasından əziyyət çəkən və oyun boyu heç nə ilə fərqlənməyən Rüfət Əhmədovu start heyətdə meydana buraxmaq əvəzinə U-21 millisinin üzvü Samet Karakoça şans vermək daha məntiqli olmazdımı?!
5. Bütün yuxarıda sadalananlarla yanaşı, "qırmızı-qaralar" “Səbail”i ciddiyə almayaraq meydana arxayın çıxmışdılar.
Sadalanan səbəblər yaşıl meydanda "Qəbələ"ni bataqlığa qərq etdi. Artıq 5 oyundur qələbə üzünə həsrət qalaraq, vacib xallar itirərək 4-cü pilləyə yuvarlanan “Qəbələ”"nin vəziyyəti olduqca çətindir. Son 3 oyunda qələbələri sırayalan “Sabah” "qırmızı-qaralar"la xal fərqini cəmi 2-yə endirib. Odur ki, “Qəbələ”nin növbəti matçlarda da bu cür oyunla xallar itirməsi nəticəsində 5-ci pilləyə yuvarlanması qaçılmazdır. Bütün futbol ictimaiyyətini təəccübləndirərək çempionatın ilk dövrəsini 2-ci pillədə başa vuran əyalət təmsilçisinin 5-ci pilləyə yuvarlanması komandaya psixoloji baxımdan çox böyük zərbə vuracaq...
“Səbail” heç kimin gözləmədiyi halda, sensasiyalı qələbə qazanmaqla sübut etdi ki, itirəcək heç bir şeyləri yoxdur. Yəni, açıq futbol oynamaqla həm sonuncu pillədən qurtulmaq, həm də bir çox oyunçuların potensiallarını açmaqla onlara inam yaratmaq lazımdır.
Adətən, müdafiədə səhvləriylə göz oxşayan, tez-tez cəzalı duruma düşən Adil Nağıyev “Qəbələ” ilə oyunda komandasının sözsüz qəhrəmanına çevrildi. Nağıyev müdafiədə dağıdıcı olmaqla yanaşı, oyun quruculuğu ilə diqqət çəkməklə həm qol vurdu, həm məhsuldar ötürmə verdi, həm də istənilən mövqedə rəqibə nəyi var, başağrısı oldu.
25 yaşlı İbrahim Aslanlı çempionat boyu ən yaxşı oyununu keçirdi. O, rəqibin cinah hücumlarını zərərsizləşdirməklə yanaşı, özü də cinahlardan sürətli keçidlərlə rəqibin müdafiə xəttini tez-tez yarmaqla məşğul idi. Ən əsası, futbolçu 73-cü dəqiqədə mükəmməl qol vurmaqla, yekun hesabı təyin etdi. Nikolas Raysel də oyunu ilə seçildi. Məhz onun mərkəzdən rəqib müdafiəçilərini təzyiqdə saxlaması və hiyləgər ötürmələri qələbəyə öz töyfəsini verdi. "Səbail" haqqında yekun olaraq demək olar ki, komanda “Qəbələ”yə qarşı oyunu ilə “Qarabağ” və “Sabah” xaric digər klublara nümunə göstərdi. Yəni, itirəcək bir şey yoxdursa, çıxın, yaradıcı oyununuzu göstərin.
Abdulla İSMAYILOĞLU