“Neftçi”nin gənc üzvü Fərid Yusifli klubun rəsmi saytına müsahibə verib. Sportnet.az xəbər verir ki, "ağ-qaralar"ın yetirməsi olduğu üçün karyerasına bir addım öndə başladığını deyən 20 yaşlı yarımmüdafiəçi əsas komandanın start heyətində yer aldığı üçün fəxr etdiyini bildirib.
- “Neftçi” kimi köklü klubun yetirməsi olmaq nə deməkdir?-
- “Neftçi”nin yetirməsi olmaq Azərbaycanda futbol karyerasına bir addım öndə başlamaq deməkdir.
- Ötən mövsüm cəmi 1 matçda əsas komandanın formasını geyinsən də, bu mövsüm artıq ardıcıl 3 oyundur start heyətində yer alırsan. Hisslərini bölüşə bilərsən?
- Əlbəttə, “Neftçi” kimi komandanın start heyətində oynamaq mənim üçün fəxrdir. İnşallah, 3 oyunla yetinməyib, bundan sonra da daim əsas heyətdə yer almaq üçün çalışmalıyam.
- “Zirə” ilə heç-heçəni nəzərə almasaq, komandanın uğurlu seriyası davam edir ki, bunda sənin də əməyin var. Ümumiyyətlə, öz oyunundan razısanmı?
- Mən heç vaxt öz oyunumdan razı qalmıram. Bilirəm ki, daha yaxşısını edə bilərəm və bunun üçün çalışıram.
- Qarşıdan kubok mübarizəsindən kənarlaşdırdığımız “Sabah”la çempionat matçı gəlir. Bu görüşdən nə gözləyirsən? Hazırlıq necə gedir?
- Şükür Allaha, hər şey qaydasındadır. Bu oyuna komanda şəklində ciddi hazırlaşırıq. Meydana yalnız qələbə üçün çıxacağıq.
- Hər oyunda olduğu kimi, “Şamaxı” ilə səfər matçında da azarkeşlər komandamızın yanında idilər. Onlara sözün varmı?
- Azarkeşlərimiz ev, səfər, qalibiyyət, məğlubiyyət demədən hər zaman yanımızda olurlar. Bu bizi daha da ruhlandırır. Biz də öz növbəmizdə onları daim qələbələrimizlə sevindirməyə çalışırıq.