"Baş məşqçimizə "xoş gəlmisiniz" deyirik. Bizə qələbələr gətirməsini diləyirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev komandanın yeni baş məşqçisi Laurentsiu Regekampf ilə bağlı "Bakcell Arena"da təşkil olunmuş mətbuat konfransında deyib.
Funksioner bildirib ki, Müşahidə Şurasının onlayn konfrenasından sonra bu qərar qəbul olunub: "2 illik müqavilə bağlandı. Regekampf işlədiyi klublarda uğur qazanıb. Böyük komandalara qarşı yaxşı mübarizə aparıb. Özü ilə uzunmüddətli danışıqlarımız olub. Çox iddialı və istəklidir".
Klub prezidenti Regekampfla danışıqlar prosesinin gedişatını da açıqlayıb: "Neftçi" böyük klubdur. Seçimimizdə yanılmamalıyıq. Bir neçə namizədlə danışıqlarımız olub. Sonda bütün komponentlərə uyğun qərar verdik. Bəzi məqamlarda suallar yaranır, problemlər ortaya çıxır. Cavabları aldıqca, müəyyən qərara gəldik. İstədiyimizə nail olduq. İnanmaq istəyirik ki, ən doğru seçimi etdik".
Quliyevin sözlərinə görə, yeni baş məşqçinin ayda 40 000 avro maaş alacağı barədə Rumıniya mətbuatında yazılanlar həqitəyəuyğun deyil: "Məbləğ xeyli aşağıdır. Regekampf yaxşı heyət qura bilən məşqçidir. Yaxşı futbolçular gələcək".
"Baş məşqçimiz ona "Rege" deyə biləcəyimizi söylədi. Ambissiyalıdır, bura titul qazanmaq üçün gəlib. Ona dəstək olmağınızı xahiş edirəm", - deyə "Neftçi"nin rəhbəri əlavə edib.