"Biz heç kimdən qorxmuruq. Yaxşı futbol göstərmək istəyirik və özümüzə inanırıq. Hələlik İsveçrə "Sürix"i ilə görüşməmişik. Amma aydındır ki, kim düşsə, onu da məğlub etməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına müsahibəsində deyib.
31 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə qarşılaşmaq ehtimalından danışıb: "Onlara qarşı oynamaqdan məmnun olardım. Amma bu, Çempionlar Liqasının qrup mərhələsində olsaydı, daha yaxşı olardı. Onlara qarşı oynamaq maraqlıdır. "Dinamo" hər il yaxşı nəticələr əldə edir. Onlar bizimlə üz-üzə gəlsələr, şübhəsiz ki, favorit olacaqlar".
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.