"Kəpəz"in yeni transferi Rauf Əliyev "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
– Paytaxt klublarından sonra bölgə komandasına keçid necə hissdir?
– Daha öncə də bölgə klublarında – "Xəzər Lənkəran" və "Qəbələ"də çıxış etmişəm. "Kəpəz" azarkeş kütləsinə malik olan köklü klubdur. "Kəpəz"ə keçidimdə də bu, məni cəlb etdi.
– Heyətdə sizdən başqa, Əfran İsmayılov, Elvin Yunuszadə, Tural Axundov kimi təcrübəli futbolçular var. Ancaq sizcə, bu yaşlı heyət komandanın ən azı Premyer Liqada qalmasına kömək edəcəkmi?
– Rəhbərlik istəyir ki, Gəncənin komandası yaxşı nəticələr göstərsin, azarkeşləri sevindirsin. Yaş amilinə gəlincə, bu, bütün dünyada belədir. Bu amil o qədər də rol oynamır. Hər bir komandada 32 - 35 yaşlı futbolçular olmalıdır. Biz də öz təcrübəmizlə komandaya yardımçı olmağa çalışacağıq.
– Sizcə, "Şamaxı"ya qarşı keçirdiyiniz ilk yoxlama oyununda necə təsir bağışladınız?
– Əvvəldən də baş məşqçi ilə danışmışdıq ki, yoxlama oyununda son dəqiqələrdə meydana çıxım. Bu komandaya ayın 8-dən qoşulmuşam. Hələ çemppionatın başlanmasına təxminən iki həftə var. Çalışacağam ki, onadək tam formaya düşüm.
– Artıq 33 yaşınız var. Demək olarmı ki, bu, Rauf Əliyevin çıxış edəcəyi son klubdur?
– Bu barədə heç fikirləşməmişəm. Öz gücümü bilirəm, hələ oynamağı bacaracağımı hiss edirəm. "Kəpəz"ə də vaxt itirmək üçün yox, onu gücləndirmək üçün gəlmişəm.