"Matçın son fitindən sonra dedim ki, sonadək mübarizə aparıb turu keçəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev Bakıda Kipr "Aris"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Funksioner baş məşqçiyə və futbolçulara inandığını deyib: "0:2 hesabı faciə deyil. Ola bilər, bacardığımız futbolu göstərmədik. Burada ikinci fikir ola bilməz. Bu komanda böyük potensiala malikdir. "Neftçi"də uzun müddət oynayan futbolçuların potensialını bilirsiniz. Yeni gələnlər də sifariş ərizəsinə əlavə olunub. Bu, hələ son deyil. İnanmaq istəyirik ki, nəticədə biz qalib olacağıq".
O, stadionun dolacağına və tərəfdarların oyundan ləzzət alacağına inandığını söyləyib: "Azarkeşlər klubumuza sahib çıxsınlar, gəlsinlər dəstəkləsinlər. Onların sayəsində növbəti mərhələyə vəsiqə qazanacağıq. Azarkeşsiz futbol bizə lazımd eyil. "Neftçi"ni azarkeşsiz təsəvvür etmək qeyri-mümkündür. Fanatlarımız çılğın olmalı, komandanı sonadək dəstəkləməlidir. Narazılıqları da başadüşüləndi. Onlar komandanı yüksək yerlərdə gözləyirlər. Yeni sistem tətbiq etmişik".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.