
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan "Kəpəz"lə ötən mövsümün bürünc medalçısı "Zirə" arasında keçirilib. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 32-ci dəqiqədə qonaqlardan Məhəmməd Həmdui açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə "Kəpəz"in yeni transferi Mixeil Ergemlidze tarazlığı bərpa edib. 83-cü dəqiqədə "qartallar"dan Dmitrios Çantakias birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan başqa, 87-ci dəqiqədə Gəncə təmsilçisinin vurduğu qol Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan VAR sisteminə baxıldıqdan sonra ləğv olunub. Videotəkrar sistemi Ergemlidzenin dubl etdiyi epizodda ofsayd qeydə alıb. Matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə Sertan Taşkın "Zirə"nin qələbə qolunu vurub.
Bu nəticədən sonra "Zirə" 3 xalla birinci pilləyə yüksəlib, "Kəpəz" isə xalsızdır.
Qeyd edək ki, tura avqustun 6-sı, 7-si və 8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.
---------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, cari çempionat 6 illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçiriləcək və burada ilk dəfə VAR sistemindən istifadə olunacaq.
I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan "Kəpəz"lə ötən mövsümün bürünc medalçısı "Zirə" arasında olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edəcək. Görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.
İki komanda indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 3-də Gəncə təmsilçisi, 5-də isə Bakı klubu qalib gəlib. 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də "qartallar"ın üstünlüyü var - 16:11.
“Zirə” son 4 qarşılaşmada rəqibinə uduzmayıb. “Kəpəz” son iki ev oyununda qol vurmayıb.
Azərbaycan Premyer Liqası
I tur
5 avqust
19:30. “Kəpəz” – “Zirə” - 1:2
Qollar: Mixail Ergemlidze, 45+1 - Məhəmməd Həmdui, 32. Sertan Taşkın, 90+4
Qırmızı vərəqə: Dmitrios Çantakias,
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
“Dalğa Arena”.
Qeyd edək ki, tura avqustun 6-sı, 7-si və 8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yükun vurulacaq.