"Çox vacib qələbə qazandıq. İlk oyundan 3 xal əldə etmək hər zaman olmur".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra deyib.
50 yaşlı mütəxəssis hesaba baxmayaraq, qələbə üçün xeyli əziyyət çəkdiklərini bildirib: "Rəqib ilk dəqiqələrdən çox istəkli idi. Heyətdə çoxlu rotasiyalar etmişdik. İlk yarıda xeyli çətinliklər, narahatlıqlar yaşadıq. Amma qələbə üçün futbolçularım çox əziyyət çəkdilər. Qarşıdakı oyunlara daha düzgün hazırlaşmağa çalışacağıq".
Baş məşqçi yeni transfer Julio Roman barədə fikirlərinin pozitiv olduğunu da söyləyib: "Roman 60-65 dəqiqə oynasa da, komandaya daha tez uyğunlaşdığı hiss olunurdu. Amma hələ idman formasını tam bərpa etməyib. Bunun üçün 4-5 oyun lazım gələcək".
Sonda Q.Qurbanov "Ferentsvaroş"la avqustun 9-da Macarıstanda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşüb: "Səfər qarşılaşmasına hazırlaşmağa tam vaxtımız olmayıb. Bu gün oynamayanlar digər meydançada məşqə başlayıblar. Komanda şəklində sabah məşq edərək, heyət üzvlərini lazımi formaya salmağa çalışacağıq. Ümumi performans pis deyil. Yaxşı rəqibə qarşı yaxşı oyun sərgiləyəcəyimizə ümidvarıq".