
"Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov Ağdam komandasının UEFA Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, hazırda "Zirə"nin baş məşqçi postunu tutan 40 yaşlı mütəxəssis keçmiş klubunun çətin qrupa düşdüyünü söyləyib.
"Üçüncü və dördüncü səbətlərdən Almaniya "Frayburq"u və Fransa "Nant"ı kimi çox ağır rəqiblər çıxdı. Əlbəttə, birinci səbətdən daha təhlükəli rəqib gələ bilərdi. Lakin Yunanıstan "Olimpiakos"u düşdü. Çox ciddi qrupa düşüblər", - deyə Sadıqov vurğulayıb.
Bununla belə, keçmiş müdafiəçinin fikrincə, "Qarabağ" hansı qrupa düşsəydi, sonadək mübarizə aparacaqdı: "Bu komandanın bir ruhu, bir ideyası var. Elə bir baş məşqçisi var ki, rəqibdən asılı olmayaraq, öz dominant oyununu sərgiləməyə çalışır. Nə qədər alınıb-alınmaması ikinci dərəcəli məsələdir. Asan olmayacaq, amma inanırıq ki, "Qarabağ" işinin öhdəsindən gələcək".
Qeyd edək ki, G qrupunda yer alan "Qarabağ"ın oyunları 8 sentyabr, 15 sentyabr, 6 oktyabr, 13 oktyabr, 27 oktyabr və 3 noyabrda olacaq.