"Vacib 3 xal qazandıq. Qəbələdə oynamaq asan deyil".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfransında deyib.
Rəqibə Premyer Liqada uğurlar arzulayan 50 yaşlı mütəxəssis görüşdə az qolun vurulmasına toxunub: "Futbol qəribə oyundur. İnsan il boyu özünü sağlam və gümrah hiss edə bilməz. Son iki ayda futbolçuların hansı ağır yükü daşıdığını görmüşük. Ötən mövsümdən sonra bizim istirahət üçün vaxtımız az olub. Çünki biz mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayırdıq. Bizdə milli komandanın oyunçuları da çoxdur. Onların istirahət üçün ümumiyyətlə vaxtı olmayıb. UEFA Avropa Liqasının qrupunadək olan vaxtı bir mövsüm kimi hesablayıram. Burada fiziki gücdən və psixoloji yorğunluqdan söhbət gedir. Bizim 4 komandaya qarşı 8 matçımız olub. Bütün qarşılaşmalar çətin və gərgin keçib. Bu gün bizim çoxlu qol epizodlarımız oldu. Rəqibi də nəzərə almaq lazımdır. 5-10 matçdan sonra da hansısa komandaya qarşı passiv futbol sərgiləyə bilərik. Komanda bu gün qələbə qazanmağı çox istəyirdi. Amma mən oyunçuları çox gözəl başa düşürəm. Eyni tempdə və sürətdə davam etmək asan deyil".
Baş məşqçi İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidindən sonra komandanın hücum xətti barədə danışıb: "Neqativ yanaşmaq lazım deyil. Bizim çox oyunçularımız gedib, amma bu günədək uğurlarımızı qoruyub saxlamağa çalışmışıq. Biz öt il tək Ramil Şeydayevlə UEFA Konfrans Liqasının qrupuna düşdük. Hücum xəttimizdə Şeydayevlə yanaşı Ovusu Kvabena da var. Məni daha çox Musa Qurbalıya görə tənqid edirlər. Onu da meydana buraxmağımı istəyirlər. Bu cür halla üzləşməmişdik, transfer pəncərəsinin bitməsinə 2-3 gün qalmış oyunçumuz xarici kluba, tarixi olan komandaya keçdi. Çempionatımızdan hansısa oyunçunun getməsi bu bazara marağı artırır. Biz öz işimizi görməyə çalışırıq. Son bir ayda transfer işlərində aktiv çalışırdıq. Sadəcə, tam istədiklərimizi əldə edə bilmədik. Bu gün mən matça gələnədək həm oyuna hazırlaşırdıq, həm də transfer məsələləri ilə məşğul olurduq. Son dəqiqələrə kimi oyunçulara baxırdıq, boş durmurduq, amma alınmadı".
Qurbanov buna baxmayaraq UEFA Avropa Liqasının qrup mərhələsinin görüşlərinə ümidlə hazırlaşdıqlarını söyləyib: "Azarkeşlərimizi sevindirmək üçün maksimum çalışırıq. Bu gün neqativ yanaşsaq, futbolçular inamsız ola bilər. Əlimdə olan oyunçulara güvənirəm. Keçən il əlimdə 15-16 futbolçu var idi və onlarla irəlilədim. Düzgün iş görməyə çalışacağıq. İki mövqeyə transfer etmək istəyirdim. Alınmadı. Qışda və ya növbəti yayda alına bilər. Amma düşünürəm ki, Vadjinin keçidi Azərbaycan bazarına digər ölkələrin klublarının marağını daha da yüksəldəcək. Əlimizdəki futbolçularla UEFA Avropa Liqasına iddialı hazırlaşacağıq".
Təcrübəli baş məşqçi son olaraq qarşılaşmada qapıçı Şahruddin Məhəmmədəliyevin üzərinə çox iş düşməməsi və onun cərimə meydançasından kənarda dayanması ilə bağlı sualı cavablandırıb: "Məncə, Şahruddinin səhvi sizin düşündüyünüz dərəcədə deyil. Bu gün komanda rəqibin cərimə meydançasının yanında idi. Şahruddinin orada oynamağı da oyuna görədir. Biz çalışırıq ki, oyunumuzu maksimum rəqibin zonasında quraq. Belə olan halda bir-birimizdən çox da aralanmalı deyilik. Belə qollar, qapıçı səhvləri dünya futbolunda heç də az olmayıb. Bir səhvi çox hallandıranda insanda ümidsizlik olur. Mənim üzərimə də bu qədər gəlinir. Çünki baş məşqçi mənəm. Hər şeyi düzgün etməyə çalışırıq. Hər səhvə görə futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər. Mənim üçün kollektiv, ürəyini qoyan insanlar çox önəmlidir. Futbolçularımın hər birinə güvənirəm".