Qəbələdə eyniadlı komandaya qarşı Azərbaycan Premyer Liqasının VI tur oyununda zədələnən "Neftçi"nin futbolçusu Qodsvey Donyonun durumuna aydınlıq gəlib.
Paytaxt klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, qanalı hücumçunun ayağında hər hansı sınıq aşkarlanmayıb.
Onun sözlərinə görə, 28 yaşlı forvardda sinir sıxılması müşahidə olunub: "Donyo bu gün komanda ilə məşq etməyib. Sabah özünü normal hiss etsə, ağrıları sakitləşsə, kollektiv hazırlığa qoşulacaq".
Allahverdiyev həmçinin bildirib ki, matçın fasiləsində əvəzlənən gürcüstanlı müdafiəçi Solomon Kvirkveliyanın zədəsi ciddi deyil.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.