"Qarabağ" və "Neftçi" komandaları arasındakı Misli Premyer Liqasının VIII tur matçı maraqlı mübarizə ilə yanaşı, gərginliyi ilə də diqqət çəkib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın ikinci hissəsində futbolçular arasında insidentlər yaşanıb.
İlk epizodda qonaq komandadan Eddi İsrafilov meydan sahiblərinin futbolçusu Marko Veşoviçə qarşı sərt oynayıb. Nəticədə Veşoviç İsrafilovla münaqişəyə girib. Bu zaman araya girən "Neftçi"nin kapitanı Emin Mahmudov monteneqrolu cinah oyunçusuna sərt etiraz edib. Tərəflər arasında insidentin böyüməsinə digər futbolçular və referi Rəvan Həmzəzadə imkan verməyib.
İkinci belə epizod isə uzatma dəqiqələrində yaşanıb. Bu dəfə "Neftçi"nin müdafiəçisi Voislav Stankoviç topu ələ keçirən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə sərt müdaxilə edib. Nəticədə iki oyunçu arasında söz savaşı başlayıb. Bir-birilərinin üzərinə yeriməyə cəhd edən tərəfləri yenə digər futbolçular alıb. Baş hakim isə onlara sarı vərəqə göstərib.
"Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın ardından "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Məhəmmədəliyevlə qısa söhbət edərək, onu Stankoviçlə barışdırıb.