"Belə qarşılaşmalara başqa cür köklənmək lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis çox çətin matç olduğunu bildirib: "Rəqib meydanın hər qarışında mübarizə apardı. Son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Belə nəticələr psixoloji cəhətdən önəmlidir".
Musayev ikili mübarizələrdə uduzduqlarını xatırladıb: "Əks-hücumlara sürətli keçə bilmirdik. Bunlara görə narazı qaldım".
Rusiyalı baş məşqçi ilk dəfə Şamaxıya səfər etdiyini söyləyib: "Qələbə qazandığımız üçün emosialar müsbətdir. Meydanda təbii ot örtüyü olsaydı, daha yaxş olardı. Tribunalarda da çoxlu azarkeşlər var idi. Bu, yaxşı haldır".
Mütəxəssis son olaraq Namik Ələskərovun zədəsi barədə danışıb: "O, hazırda özünü yaxşı hiss edir. Yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq".