"Bu gün maraqlı qarşılaşma gördük. Belə oyunu gözləyirdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Sumqayıtda eyniadlı komanda ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, autsayderlərin mübarizəsində təzyiqə baxmayaraq, komandası yaxşı oyun göstərib: "Rahatca qalib gələ bilərdik. Amma görünən odur ki, komanda üzərində təzyiq böyükdür. 6 məğlubiyyətdən sonra komandanı toparlamaq çətindir. Amma klub rəhbərliyi ilə birlikdə bunun öhdəsindən gəlməyə çalışırıq".
O, Girogi Kantariyanın o qədər də artıq çəkisinin olmadığını söyləyib: "Çəkiyə nəzarət edirik. Bir o, bir də Nicat Süleymanov ən yaxşı çəkiyə malikdir. Məşqlərdə penaltiləri ən yaxşı o yerinə yetirir, 3 ən yaxşı çalışanlardan biridir. Penaltiləri Əfran İsmayılov da yerinə yetirir. Sadəcə, bu gün oyun öncəsi zədələndi. Futbolçularıma təşəkkür edirəm ki, gözəl oyun sərgilədilər".
Əhmədov Mixail Ergemlidzenin meydana incik girib-girmədiyini bilmədiyini söyləyib: "Əsas odur ki, meydana girməsin. Belə halda futbolçu cəzasız qalmır. Ola bilər ki, Ergemlidze daha çox oynamaq istəyirdi".