"Real Madrid" klubu bu mövsüm İspaniya La Liqasında ilk dəfə xal itirib.
Sportnet.az-ın məlumatına görə, bu, VII turun "Osasuna" ilə ev oyununa təsadüf edib. Baş hakim Gilyermo Kuadra Fernandesin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 43-cü dəqiqədə Vinisius Junior açsa da, 51-ci dəqiqədə Unay Qarsiya "Osasuna"nın bərabərlik qolunu vurub.
78-ci dəqiqədə David Qarsiya Kərim Benzemanı çiynindən itələyərək, yerə yıxıb. VAR sisteminə müraciət edildikdən sonra Qarsiyaya qırmızı vərəqə göstərilib və "Real Madrid"in lehinə penalti təyin olunub. Lakin Benzema bu imkandan yararlana bilməyib. Fransalı forvardın bundan bir neçə dəqiqə sonra vurduğu qol isə ofsayd üzündən qeydə alınmayıb.
Beləliklə, "Real Madrid" 19 xalla 2-ci pillədə qalıb. İlk pillədəki "Barselona"nın da eyni miqdarda xalı var. "Osasuna" isə 13 xalla 6-cıdır.