"Çox emosional və gərgin oyun alındı. Rəqibin son matçlarını təhlil etdiyimizdən, bilirdik ki, bu gün bizim üçün çox çətin qarşılaşma olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının IX tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis rəqibi çempionatın ən yaxşı pressinq tətbiq edən komandası kimi dəyərləndirib: "Bu səbəbdən, "Şamaxı"nın baş məşqçisi Cavid Hüseynovu təbrik edirəm. Çox böyük məşqçi istedadı var, qısa müddətdə gənc futbolçulardan bu cür komanda formalaşdırıb və çempionatda belə bir rəqabət yaradıb. Bunun bariz nümunəsini son 2 turda gördük. Fikrimcə, o, gələcəkdə böyük məşqçilərdən olacaq".
İlk hissədə azsaylı qol imkanlarından yararlana bilmədiklərini söyləyən Sadıqov fasilədən sonra hücumların sürətini daha da artırdıqlarını diqqətə çatdırıb: "İkinci hissədə çoxsaylı qol epizodlarımız, yaxşı hücumlarımız var idi. Xüsusən, əks-hücumlarımızı qeyd edərdim. Rəqib çox kompakt müdafiə olunurdu, oturuşmuş arxa xətti yarmaq çox çətin idi. Bununla belə, standart vəziyyətdən fərqlənməyi bacardıq".
Baş məşqçi "Turan Tovuz" və "Şamaxı" üzərində son 2 qələbəni çox vacib adlandırıb: "Soyuq başla təhlil etsək, "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra belə əzmkar rəqiblərlə qarşılaşmalar çox kritik idi. Sevinirik ki, hər iki matçda qalib gələ bildik".