İngiltərə Premyer Liqasında X turun mərkəzi görüşü "Arsenal" və "Liverpul" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Londondakı "Emirates" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı artıq 1-ci dəqiqədə yerli komandadan Qabriel Martinelli açıb. 34-cü dəqiqədə Darvin Nunyes bərabərlik qolunu vursa da, 45+5-ci dəqiqədə Bukayo Sakanın dəqiq zərbəsi ilə "Arsenal" fasiləyə üstün yollanıb.
İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqlənib. 53-cü dəqiqədə Roberto Firmino yenidən hesabı bərabərləşdirib. Lakin 76-cı dəqiqədə Saka penaltini dəqiq yerinə yetirərək, özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Bu qələbə sayəsində xalını 24-ə çatdıran "Arsenal" yenidən 1-ci pilləyə yüksəlib. "Liverpul" isə 10 xalla 10-cu yerdə gedir.