"Neftçi"ni təbrik edirəm. Bizdən yaxşı oynadılar. Oyunu dəyişməyə çalışdıq, lakin buna nail ola bilmədik. Rəqib layiqli qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis matça pis başlamadıqlarını bildirib: "Oyundan əvvəl bilirdik ki, çətin olacaq. Son turdakı məğlubiyyətdən sonra “Neftçi”nin bu gün meydana motivasiya ilə çıxacağı məlum idi. Bizim də öz məqsədlərimiz var idi. Təəssüflər olsun ki, rəqib bizi üstələdi və layiqli qələbə qazandı. Rəqibin qoluna qədər yaxşı çıxış etdik. Amma əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Sonra da toparlanmaq çətin oldu. Problemimiz odur ki, bəsit qollar buraxırıq. Xüsusilə də önəmli oyunlarda belə olur. Problemi həll etməyə çalışacağıq".
O, VAR sisteminin işləməməsinin məğlubiyyətə təsir etmədiyini söyləyib: "Künc zərbəsi zamanı buraxdığımız ikinci qol bir qədər şübhəli idi. Amma deməzdim ki, rəqib bizi VAR-ın yoxluğuna görə üstələdi".
Sadıqov növbəti turda "Qəbələ"yə qarşı keçirəcəkləri oyuna da toxunub: "Məğlubiyyət bizi üçüncü pillədən bir qədər geri saldı. Bu da planlarımıza daxil deyildi. "Qəbələ" ilə görüşə təhlillər aparıb, hazırlaşacağıq. Çətin matç olacaq. Onlar da böyük istəklə oyuna yanaşacaqlar. Çalışacağıq ki, həmin oyunda daha yaxşı çıxış edək".
Baş məşqçi buraxılan erkən qoldan sonra özlərinə gələ bilmədiklərini vurğulayıb: "Ümumiyyətlə, bu mövsüm çox ucuz qollar buraxırıq. Beləo olduqca vəziyyətimizi düzəltmək çətinləşir. Xüsusən də iddialı komandalarla matçlarda bəsit qollar buraxırıq. Fərdi səhvlərə yol veririk. Futbolçunun kobud texniki səhvi, yaxud diqqətsizliyi bunda rol oynayır".
Mütəxəssis zədəsini sağaldan Mehdi Cənnətovun meydana çıxmağa hazır olduğunu bildirib: "Bu gün Anar Nəzirova şans verdim. Ola bilər növbəti turda Mehdi meydana çıxsın. Kim məşqlərdə daha yaxşı özünü göstərsə, o da start heyətində yer alır".
Sadıqovun sözlərinə görə, ikinci, üçüncü qolları dördlü müdafiəyə keçdikdən sonra buraxıldı: “Qarabağ”la oyunda da 1:1 olarkən dördlü müdafiəyə keçdik və qapımızda 6 qol gördük. Bu gün məcburiyyətdən üçlü müdafiə ilə meydana çıxmışdıq. Heyətdəki itkilər bizi buna məcbur etmişdi".