"Təbii meydança salsaq, büdcəmiz qalmayacaq. Bu mənada sünidə oynamaq daha yaxşıdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, məşqin keyfiyyətində fərqi hiss olunur: "Bəzi legionerlər süni örtük görməyiblər. Zədələr olur. İnkişaf istəyiriksə, hamısı dəyişilməlidir. Tovuzda təbii örtük salınsa, 3 dənə də yardımçı meydançamız olmalıdır. Buna vaxt lazımdır. İndi bunu tələb etmək olmaz. Hələ digər problemləri həll edirik. 10-12 il əvvəl Sumqayıtda, Qəbələdə elə meydançaların olacağı bilinmirdi. Amma yaradıldı".
Məğlubiyyəti şərh edən Abbasov heyətdə ciddi itkilərin olduğunu söyləyib: "Gənc futbolçular üçün “Qarabağ”a qarşı oynamaq fürsət idi. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Təslim olmaq fikrimiz yoxdur. Matçdan sonra futbolçuara da dedim ki, bizi 3 gün sonra “Kəpəz”ə qarşı daha çətin qarşılaşma gözləyir. "Kəpəz"də irəliləyiş görünür. Evdə daha yaxşı çıxış edirlər. Bu mövsüm sona qədər mübarizə olacağını bilirik".
O, Futbolun İnkişaf Fondundan gözləntilərini də açıqlayıb: "Tez-tez Tovuzda olurlar. Daim ünsiyyətdəyik. Tək bizə yox, bölgədəki digər komandalara da kömək etmək istəyirlər. Reallıq budur ki, son 6-7 ildə hər kəs futbolun inkişafı üçün bölgələrin Premyer Liqada təmsil olunmasını qeyd edirdi. Bu gün ilk addımlar atılır. Artıq “Qəbələ” ilə yanaşı, “Şamaxı”, “Kəpəz”, “Turan Tovuz” da var. Amma futbolu inkişaf etdirmək üçün kənardan dəstək lazımdır. Maliyyəyə ehtiyac duyulur. Futbolçu da istəyir yaxşı şəraitdə çıxış etsin, Bütün bunlar isə vaxt tələb edir. Tovuz azarkeşləri 10 ildir avrokuboklarda “Qarabağ”ı - bu gün ilk dəfə canlı görürdülər komandanı dəstəkləyirlər. Futbolun İnkişaf Fondu da bütün bunlardan piar kimi faydalanır. Böyümək üçün maliyyə lazımdır. Əks halda bizə də, “Kəpəz”ə də çətin olacaq".
Runi Evanın “Neftçi”nin, digər aparıcı futbolçuların isə başqa klubların maraq dairəsində olmasına toxunan mütəxəssis komandanın onurğasını saxlamaq istədiklərini vurğulayıb: "İlk ilimizdir, yeni futbolçular var. Çətinlik çəkirik. Yayda problem yaşamamaq üçün əvvəldən klubun büdcəsi bilinməlidir və danışıqlara başlamalıyıq. Klub inkişaf etmək istəyirsə, 1 illik müqavilə olmamalıdır. Azı 3 illik olmalıdır. “Sumqayıt”da da belə çətinlik çəkirdik. Avrokuboka çıxan komandadan 8-9 futbolçu getmişdi. İndi oyunçularımıza təklif gəlməsi normaldır. Amma müqavilələri 2-3 illik etməliyik. Yaxud futbolçuları satmağı düşünməliyik ki, maliyyə qazanaq. Belədə başqa oyunçu dəvət edə bilərik. İndi növbəti yayı fikirləşə bilmirik. Hələlik bu mövsüm üçün vəd etdiklərimizi yerinə yetirməyə çalışırıq. Legioner gedəndə də bizə xeyir verməlidir. Maliyyəmiz olsa, qışda da oyunçu gətirə bilərik".