
"Maraqlı oyun oldu. Bilirdik ki, rəqib əks-hücumda oynayacaq və belə həmlələrdə bizi müdafiədə tutmağa çalışacaq".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov evdə "Turan Tovuz"la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, bütün matçları hücumda oynayan komanda kimi onları da analiz etmişdilər: "Açığı, rəqibi təzyiq altında saxladığımızı deyə bilərəm. İmkan vermirdik ki, meydanın özünə aid olan hissəsindən çıxsın. Hücumları vardı. Bizi əks-hücumlarda yaxalamağa səy göstərirdilər. Yaradılan qol imkanlarından lazımınca istifadə olunsaydı, birinci hissədə oyunun taleyinə bəlkə də aydınlıq gələ bilərdi. Oyun baxımından hətta məğlub olsaydıq belə, razı qalacaqdım. Son dəqiqələrdə rəqib bizim qapı önündə iki qol epizodu yaratdı. Təbii ki, bütün oyunu hücumda çıxış edən komandanın müdafiə xəttində boşluqlar verməsi qaçılmazdır. Qonaqların əks-hücumda oynaya biləcək oyunçuları var".
Onun sözlərinə görə, futbolçuları futbolçuları mübariz oyun keyfiyyəti ortaya qoyublar: "Rəqibə imkan vermədilər ki, öz oyununu diqtə etsin. Hər halda bir xal hər iki komanda üçün layiqli nəticədir. Bu gün səhvi minimuma endirmişdik. Hər zaman çalışırıq ki, komandada oyun nizam-intizamı yaxşı olsun. Rəqiblər arasında fərq qoymadan həmişə hücum futbolu oynamağa çalışırıq. İstədiyim futbolun çox hissəsini bu gün meydanda gördüm".