
"Ardıcıl iki oyundur ki, kobud səhvlərə yol veririk. Bu da bizi azlıqda buraxır. Öz işimizi çətinləşdiririk. Matçın gedişində dəyişiklik etməyə məcbur qalırıq. Ən yaxşı oyunumuzu oynamadıq. Şadam ki, iki qol vuraraq cavab görüşünə ümidlərimizi saxladıq".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, komandası "Qəbələ"dən, "Nefçti"dən, "Zirə"dən yüksək və aşağı deyil: "Biz işimiz və intizamımıza görə yuxarıdayıq. Mexanizmdə bir şurup itəndə hər şey məhv olur. Bunlar olmasa, nəticə qazana bilmərik. Çoxdandır ki, bu cür motivasiyalı "Səbail" görməmişdim. Azərbaycanda hər komanda bizə qarşı meydana belə çıxır. Amma heç nə olmaz. Gərək təhlil edək, səhvlərdən nəticə çıxaraq və davam edək. Qorxulu bir şey baş verməyib".
O, "Səbail"in çətin rəqib olduğunu da vurğulayıb: "Onları udmaq üçün çox işləmək lazımdır. Başqa cür "Səbail"i məğlub etmək olmaz. Bu gün pis başladıq. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik. "Səbail"də yaxşı yerli futbolçular və legionerlər var. Onlara qarşı oynamaq çətindir. Üç matçdan ikisini uda bilməmişiksə, öz problemimizdir. Analiz edəcəyik".
39 yaşlı baş məşqçi Denis Çerışevin "Sabah"a transfer olunacağı barədə yayılan məlumatlara da münasibət bildirib: "Xeyr. Bu, doğru deyil".
Musayev görüşdəki hakim qərarlarına da toxunub: "Hazırda hakim haqqında danışmaq istəmirəm. Çünki heç nəyi dəyişmək olmaz. Emosional idim. Amma səbəbsiz deyildi".