“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Üç ölkənin çempionu” adlı kitabı nəşr olunub.
Sportnet.az-ın “football.ua” saytına istinadən məlumatına görə, kitabın ikinci hissəsində ukraynalı mütəxəssisin “Qəbələ”ni böhrandan necə çıxardığından bəhs edilib.
Kitabda qeyd olunub ki, Ukrayna klubu “Çernomorets”i iddialı kollektivə çevirdikdən sonra Azərbaycana yollanan Qriqorçuk üçün “Qəbələ”dəki ilk aylar əsl sınaq olub. Maraqlıdır ki, 2014-cü ildə “Çernomorets”lə “Dnepr” arasında keçirilən çempionat oyunu zamanı 58 yaşlı məşqçinin rəqibin ispaniyalı baş məşqçisi Xuande Ramosla münaqişə etməsi “Qəbələ”nin diqqətini cəlb edib.
Həmin vaxt “qırmızı-qaralar”da vitse-prezident vəzifəsini icra etmiş hazırkı rəhbər Fariz Nəcəfovun da sözlərinə kitabda yer verilib: “İnternetdə onun Xuande Ramosa necə qışqırdığını, özünü necə haqlı çıxardığını görəndə başa düşdüm ki, məşqçilik istedadı ilə yanaşı, həm də xarizması var. Şəxsən mən xarakterli, tələbkar və ciddi məşqçiləri xoşlayıram. Sonra onun karyerasını öyrəndik. Futbolçularla, Qriqorçukla işləmiş digər şəxslərlə söhbət etdik. Klubun prezidenti Taleh Heydərova bildirdik ki, müraciət edənlər arasında Roman Qriqorçuk da var. Prezident dedi ki, əla variantdır, məşqçi ilə görüşmək lazımdır”.
Nəticədə 2014-cü ilin payızında tərəflər arasında danışıqlara başlanılıb və ukraynalı mütəxəssis 2015-ci ilin yanvarında “Qəbələ”nin sükanı arxasına keçib.
Qriqorçuk “Qəbələ”ni seçməsinin səbəbini bu cür izah edib: “Qəbələ”də bu məsələyə çox ciddi yanaşırdılar. Klub nümayəndələri ilə söhbətlərdə həqiqətən də, hiss etdim ki, bu klubun mənə ehtiyacı var. Çox görünürdü. Yeni komandaya keçərkən bu vacib amildir. Anlayın ki, insanlar sizə inanırlar, ümid edirlər və sizi öz komandalarında görmək istəyirlər. Ona görə də sevinclə “Qəbələ”yə keçdim.
Görünən o idi ki, bu keçiddə sevinc qarşılıqlı olub. Çünki yeni baş məşqçinin rəhbərliyi altında komandanın ilk məşqindəcə yerli azarkeşlər Roman İosipoviçə ünvanlanan təbrik pankartı asıblar.
Qəbələ və Bakı ukraynalı mütəxəssisin həyat yoldaşı Alina Qriqorçukun könlündə taxt qurub. Xanım Qriqorçuk ilk vaxtlar Azərbaycana köçmək istəmədiyini də etiraf edib: “Qəbələ cəmi 10 minə yaxın əhalisi olan kiçik şəhərdir. Ancaq heyrətamiz təbiət, çox təmiz hava, meşələrlə örtülmüş dağlar mövcuddur. Oteldə yaşayırdıq və ərazidə kotteclər var idi. Bütün ailəli futbolçular bu kotteclərdə, subaylar isə oteldə yaşayırdılar. Hamımız ailə kimi idik, uşaqlar oynamaq üçün meydançaya gedirdilər. Gecələr isə çaqqalların ulaşmasını eşidə bilərdin. Çünki hər yer dağlarla əhatə olunub. Əvvəlcə qorxulu idi, sonra isə sanki ulaşma yox, oxuyurlar kimi qəbul edildi, çox gözəl səsləndi. Ardından Bakıya köçdük, bu şəhər də ürəyimdə birinci yerdə oldu. Onların gözoxşayan şəhəri və gözəl insanları var. Əvvəlcə Azərbaycana getmək istəmirdim. Amma gedəndə necə yaxşı, mehriban, qonaqpərvər insanlar olduğunu gördüm”.
Onun gəlişi “Qəbələ” rəhbərliyində və azarkeşlərdə klubun böyüməsinə inamı artırıb. “Qırmızı-qaralar” ilk dəfə 2010-cu ildə İngiltərə nəhəngi “Arsenal”ın əfsanəvi kapitanı Toni Adamsı baş məşqçi postuna gətirməklə Avropada tanınıb. 2013/2014 mövsümündə komandaya Yuri Syomin başçılıq edib. “Qəbələ” rusiyalı ilə ilk dəfə Azərbaycan Premyer Liqasının bürünc medallarını qazanıb. Lakin inkişaf çox ləng gedirdi və məşqçilər bir mövsümdən çox qalmırdılar. Ona görə də rəhbərlik uğurlu və təcrübəli, “Qəbələ”də işləməyi uzunmüddətli layihə hesab edəcək məşqçi axtarışında idi. Roman Qroqorçuk da bu istəyə tam uyğun olub.
Həmin vaxt Qriqorçukun köməkçisi kimi fəaliyyət göstərən yeganə yerli məşqçi Sənan Qurbanov ondan çox şey öyrəndiyini vurğulayıb: “Qəbələ”nin prezidenti çoxdan idi ki, bizi ciddi kluba çevirmək istəyirdi. Nüfuzlu məşqçilər dəvət edildi, lakin ideal məşqçi tapmaq mümkün olmadı. Roman İosipoviç 2015-ci ildə gələndə klubda hər şeyi dəyişdi, 180 dərəcə çevirdi. O, sözün əsl mənasında sıfırdan kollektiv qurdu. Bütün komanda Qriqorçukun prinsiplərinə uyğunlaşdı. Çox tələbkar idi, hər kəs öz mövqeyində bacarığının yüz faizini ortaya qoymalı idi. Klub prezidenti dərhal anladı ki, “Qəbələ”yə tam yaraşacaq məşqçini tapıb. Uzun illər onun köməkçisi olmuş biri kimi deyə bilərəm ki, şəxsən mən Qriqorçukdan çox şey öyrənmişəm. Bütün heyət və bütün futbolçular məşqçiyə inanıb, onun arxasınca getdilər. Nəhayət, uğurlu nəticə oldu”.
Danışıqlar zamanı Roman Qriqorçukun əsas şərtlərindən biri “Çernomorets”də birgə işlədiyi bütün məşqçi korpusunun Qəbələyə dəvət edilməsi idi. Onunla eyni vaxtda Mixaylo Savka, Stepan Matveyev, Andrey Qluşenko və Anatoli Korotya “Qəbələ”yə keçib.
Andrey Qluşenko həmin vaxt təklifi qəbul etdiyi üçün çox sevindiyini vurğulayıb: “Roman İosipoviç zəng edib dedi ki, qərar vermək üçün bir günüm var. Bir tərəfdən yaxşı işgüzar münasibətimiz olan baş məşqçi ilə işi davam etdirməkdə maraqlı idim, digər tərəfdən Odessadakı evimi tərk etmək istəmirdim. Buna baxmayaraq, ailəmlə yenidən məsləhətləşdim və getməyə qərar verdik. Bu, məmnuniyyətlə xatırladığım başqa bir dövrün başlanğıcı idi”.
Ukrayna millisinin sabiq futbolçusu Kiril Kovalçuk həmin vaxt “Qəbələ”dən təklif aldığını etiraf edib. Lakin keçmiş yarımmüdafiəçi “Çernomorets”i “Metallist”də dəyişmək qərarına gəlib. Kovalçuk bu seçiminə görə peşman olduğunu gizlətməyib: “Geriyə boylananda görürəm ki, “Metallist” uğursuz seçim idi. Ukraynada qalmaq istəyirdim, çünki milliyə çağırılmışdım. Üstəlik, həyat yoldaşım hamilə idi. Ona görə də Azərbaycana köçmək mənim və ailəm üçün çətin addım olardı. “Metallist”də dedilər ki, büdcə azalacaq, üstünlük ukraynalılara veriləcək. Həmçinin, rəhbərlik mənə Roman Qriqorçuku kluba dəvət etdiklərini və onun 90 faiz “Metallist”in baş məşqçisi olacağını söylədi. Amma məşqçi “Qəbələ”yə keçməklə düzgün seçim etdi. Xarkovda qalmaq isə mənə çoxlu əsəb gətirdi, əvəzində pul itkisi yaşatdı”.
Qriqorçuk baş məşqçi təyin olunanda Toni Adams klubun idman direktoru vəzifəsində çalışırdı. İngiltərəli bildirib ki, Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin, Mixail Sivakov kimi oyunçuların transferini məhz yeni çalışdırıcı tələb edib: “Roman Qriqorçuk gözəl, dürüst insandır. O, əvvəlki klubu “Çernomorets”də tanıdığı və işlədiyi oyunçuları təklif etdi. Onlara arxayın idi. Ona dedim ki, yaya qədər həmin futbolçularla müqavilə imzalayacağıq, amma bunun məsuliyyətini siz daşıyacaqsınız”.
Qriqorçukla birgə Azərbaycana gələn Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi Aleksey Qay il yarım “Qəbələ”də çıxış edib. O, hələ “Qəbələ” variantı yaranmamışdan əvvəl mütəxəssislə anlaşdığını vurğulayıb: “Qriqorçuk “Çernomorets”i tərk edəndə dedi ki, bizi növbəti komandasına dəvət etmək ehtimalı var. Ona görə də bunu bilirdik və məşqçinin hara gedəcəyini gözləyirdik. Mən Qriqorçukun arxasınca getdim, Azərbaycana köçməyə razılaşdım”.
2015-2019-cu illərdə “Qəbələ”nin qapısını qoruyan Dmitri Bezotosnı təklif gəldiyi zaman Azərbaycana yollanmaqda tərəddüd etdiyini deyib: “Düzünü desəm, o zaman agent bir az başımı ağrıtdı. Əvvəlcə bəzi superklublardan təkliflərin olduğunu, sonra isə olmadığını bildirdi. Mixaylo Savka qışda mənə zəng vuraraq, Azərbaycana dəvət etdi. Bir neçə gün vaxt istədim, tərəddüdlə yanaşırdım. Azərbaycan çempionatında oynayacağımız heç düşünməmişdim. Ora barədə, demək olar ki, heç nə bilmirdim. Menecer də çox variant olduğunu deyirdi. Məni sona qədər Qəbələyə köçməkdən çəkindirirdi. Ardından Qriqorçukla Qluşenko zəng edərək dedilər ki, cəmi iki saatım var, çox gözləyə bilmirlər. Çünki klubla görüşə başlayırdılar. Yanvarın 10-da menecerim bildirdi ki, Azərbaycana getsəm, yaxşıdır. Halbuki ona qədər məni fikrimdən daşındırmasaydı, daha erkən gedib toplanışın ilk günlərini qaçırmazdım. Buna görə agentlə yollarımı ayırdım və “Qəbələ”yə getdim. Sonrakı hadisələr göstərdi ki, düzgün addım atmışam”.
“Qəbələ”də qapıçı məşqçisi kimi fəaliyyət göstərən Andrey Qluşenko Azərbaycan millisinin sabiq qolkiperi Kamran Ağayevin komandada olduğu halda Dmitri Bezotosnı transferini həyata keçirmələrini ukraynalının daha güclü olması ilə əsaslandırıb: “Bezotosnını dəvət etmək qərarına qapıçılarla bağlı vəziyyəti ətraflı öyrəndikdən sonra gəldik. Məncə, Bezotosnı müzakirəsiz Kamran Ağayevdən güclüdür. Hər şey ədalətli və dürüst idi. Bundan sonra Kamran özü getmək qərarına gəldi. Bezotosnı “Qəbələ”dəki oyunu ilə sübut etdi ki, komandada əsas qapıçı roluna layiqdir və məşqçilər korpusu düzgün qərar verib”.
“Qarabağ”ı fərqləndirən Roman Qriqorçuk futbolçuların dini inancları barədə də müsbət fikirlər səsləndirib: “Azərbaycanda dominant komanda var – “Qarabağ”. Bu, bütün işlərin yüksək səviyyədə qurulduğu klubdur. Çempionatda uzun fasilələrin olmaması yaxşıdır. Çempionat çox yaxşı təşkil olunub, çünki uzun fasilələr vermirlər. Dekabrın ortalarından yanvarın ortalarına qədər qış tətili olur. Təbii ki, yayda çox isti olur. Çempionatda fasilə olduğu vaxt avrokubokların davam etməsi isə çətinlik yaradır. İstiliyin mənfi təsirlərini minimuma endirmək yollarını tapmaq lazım idi. Məsələn, axşamlar istilər azalanda məşq edirdik. Digər məqam da odur ki, azərbaycanlı futbolçuların əksəriyyəti qatı dindar insanlardır. Onların bütün gün yemək yemədikləri və heç nə içmədikləri son dərəcə sərt orucluq dövrləri var. Axşam məşq etməyimizin başqa səbəbi də budur. Futbolçular gün batdıqdan sonra su içə və yemək yeyə bilərdilər. Cümə günləri saat 13:00 radələrinə heç nə planlaşdırmadım. Çünki məsciddə namaz qılacaqlarını bilirdim. Biz uzaqda olanda münasib vaxtda ayrıca otaqda və ya paltardəyişmə otağında namaz qıla bilərdilər. Onlar buna çox ciddi yanaşırdılar. Bunu çox bəyənirdim, düzgün və yaxşı addımdır. Bu üzdən onlara mane olmamağa çalışdım”.
“Qəbələ”nin kapitanı Urfan Abbasov ukraynalı mütəxəssisin tələblərini başa düşməkdə ilk vaxtlar çətinlik çəkdiklərini bildirib: “Qriqorçuk komandaya qoşulanda bizə bir çox yeni texniki elementlər öyrətməyə başladı. Bizi qeydlər aparmağa məcbur edirdi ki, bu da olduqca qeyri-adi idi. Amma çox faydalı elementlər öyrətdi, hər matça psixoloji cəhətdən ciddi hazırlaşdı. İlk vaxtlar Qriqorçukun tələbləri yerli futbolçular üçün çətin olduğundan, onun iş prinsiplərini öyrənmək üçün vaxt lazım idi. Zaman keçdikcə məşqçinin tələblərini daha yaxşı başa düşməyə, meydanda bir-birimizi hiss etməyə başladıq. Bunun sayəsində bürünc medal qazana bildik”.
Qeyd edək ki, 2014-2018-ci illərdə “Qəbələ”yə rəhbərlik etmiş Roman Qriqorçukun rəhbərliyi aktında komanda Premyer Liqanın həm gümüş, həm də bürünc mükafatçısı olub, iki dəfə ölkə kubokunun finalına yüksəlib. “Qəbələ”nin 2015/2016 və 2016/2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında ukraynalı mütəxəssis müstəsna rol oynayıb. 58 yaşlı məşqçi hazırda “Çernomorets”ə başçılıq edir. (Report)