"Seçmə mərhələnin ilk iki ev oyununda Azərbaycan və Estoniya üzərində qələbə mütləqdir".
Sportnet.az xəbər verir ki, bunu Avstriya millisinin sabiq məşqçisi Andreas Hertsoq AVRO-2024-ün seçmə qrup mərhələsindəki şansları barədə danışarkən deyib.
Məşqçilik karyerası ərzində ABŞ və İsrail yığmalarında da çalışmış 55 yaşlı mütəxəssis Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya seçməsinin şanslarını dəyərləndirib. O, final mərhələsinə adlayacaqlarına əmin olduğunu bildirib: “Martda başlayacaq AVRO-2024-ün seçmə mərhələsini səbirsizliklə gözləyirik. Hələ püşkatmadan əvvəl final mərhələsinə vəsiqə qazanacağımıza əmin idim. Qrupda Belçika və İsveçlə ilk iki yer uğrunda mübarizə gedəcək. Optimist olaraq qalıram - biz Avropa çempionatına gedəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi F qrupunda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.