
"Hakim 200 faizlik penaltini vermədi”.
Sportnet.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis tərəflərin güzəştə getmədiyini bildirib: “Matç çox çətin alındı. Qapı dirəyinə dəyən qol epizodlarımız oldu. Maraqlı mübarizə izlədik. Hər iki komanda şanslar yaratdı. “Qarabağ”a qarşı oynamaq yaxşıdır. Məni sevindirən odur ki, artıq qorxmadan çıxış edirik. Onlara qarşı aqressiv və açıq oynaya bilirik”.
Rusiyalı məşqçi Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadasının idarəçiliyindən narazı qalıb: “Sabah”a hörmət etməlidirlər. Ötən turlarda da bizə qarşı səhvlər oldu. “Qarabağ” örnək və top-klubdur. Yaxşı baş məşqçiləri var. Onların bu cür hallara ehtiyacları yoxdur. Hamımız fikirləşirik ki, epizod 100 faiz penaltidir. Amma hakimin niyə belə qərar qəbul etdiyini deyə bilmərəm”.
M. Musayev əlavə edib ki, oyunun saat 17:00-a salınması doğru qərar deyildi: “Biz əgər azarkeşlər üçün oynamırıqsa, kimin üçün mübarizə aparırıq? Görüşləri bu saata salmalarının səbəbini mən də anlamıram”.