“Azərbaycan və Estoniya ilə martda keçirəcəyimiz oyunlar yol göstəricisi olacaq”.
“Report” xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının futbolçusu Nikolas Zayvald ölkəsinin mətbuatına müsahibəsində deyib.
22 yaşlı yarımmüdafiəçi hədəflərinin final mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib. “Zalsburq”un oyunçusu bunun üçün seçmə mərhələyə uğurlu start götürməyin vacib olduğunu vurğulayıb: “Estoniya və Azərbaycanla oyunu yaxşı keçirsək, seçmə mərhələnin əsasını qoymuş olarıq. Hamımız Almaniyadakı Avropa çempionatında iştirak etmək istəyirik. Millinin heyətində əvvəlcə Avropa çempionatında, daha sonra isə dünya çempionatında mübarizə aparmaq arzusundayam”.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununu martın 24-də səfərdə Avstriya yığmasına qarşı keçirəcək. Bundan 3 gün sonra Canni De Byazinin yetirmələri İsveçin qonağı olacaq, Avstriya seçməsi isə Estoniyanı qəbul edəcək.