"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.
Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. 8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilməyib. 24-cü dəqiqədə "Gent"in növbəti hücumu da təhlükəli alınıb. Azərbaycan çempionu ilk yarım saatda çərçivəyə düşməkdə çətinlik çəkib. 32-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top toru yandan silkələyib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb.
İkinci yarıya "köhlən atlar" daha fəal başlayan tərəf olub. 47-ci dəqiqədə Ramil Şeydayevin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Ardınca referi VAR-a baxdıqdan sonra qonaqların qapısına penalti təyin edib. Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 10 dəqiqə sonra "Qarabağ"ın hücumu növbəti dəfə təhlükəli alınıb. Ağdam təmsilçisi sonlara yaxın "Gent"i öz cərimə meydançasında sıxmağa başlayıb. Bunun məntiqli nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib.
Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq.
--------------------------------------
Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, "köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.
Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Qış fasiləsində Kadi Borges və Kvabena Ovusunu satan Azərbaycan çempionunda qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə, digər arxa xətt oyunçusu Kevin Medina isə cəza səbəbindən bugünkü qarşılaşmanı buraxacaqlar. Qonaqlardan isə polşalı müdafiəçi Kamil Pyontkovski ilə serbiyalı hücumçu Darko Lemayiç "Qarabağ"a qarşı oynamayacaq.
Bu oyun Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci dueli olacaq. İndiyədək baş tutan 10 matçın 4-də Azərbaycan komandaları qələbə qazanıblarsa, 5 dəfə rəqiblər buna nail olublar. Bir qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların nisbətində belçikalıların aşkar üstünlüyü var - 18:9.
"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq (1:3, 0:3) avrokuboklarla vidalaşıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0
Qol: Leandro Andrade, 78
İstifadə olunmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")
Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.