
"Ümumi vəziyyət pis deyil. Sadəcə, bu həftə tam istədiyimiz kimi hazırlaşa bilmədik. Çempionat oyununda da heyətlə bağlı rotasiyalar etmişdik. Fərqli qruplarda çalışdıq".
Sportnet.az xəbər verir ki, bunun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Gent"lə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Belçikaya səfər öncəsi Heydər Əliyev beynəlxalq aeroportunda "CBC Sport" və İctimai Televiziyaya açıqlamasında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, bu matç üçün oyunçuların fiziki formalarının yaxşı olması komanda üçün vacibdir "Gent"ə qarşı oyunda həddindən artıq çox güc sərf etmək lazımdır. Çünki rəqibin fiziki cəhətdən potensialı çox böyükdür. Dinamik komandadır. Ona görə bəzi futbolçularımıza istirahət verdik".
Qurbanovun sözlərinə görə, Marko Yankoviçin zədəli olması onu narahat edir: "Amma digər oyunçuların hamısı hazırdır. Sabah daha bir məşqimiz var. Oyun əlavə vaxta gedərsə, şərtlər hər iki komanda üçün eyni olacaq. 120 dəqiqəyə hazır olmalıyıq. Amma istərdik ki, əsas vaxtda yaxşı nəticə əldə edək".
Qeyd edək ki, fevralın 23-də keçiriləcək "Gent" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.