İngiltərənin “Liverpul” klubu tarixində ilk dəfə avrokuboklarda “Enfild Roud” stadionunda keçirdiyi oyunda 5 qol buraxıb.
Sportnet.az xəbər verir ki, bu, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində İspaniya “Real Madrid”i ilə görüşə təsadüf edib.
Rəqibinə 2:5 hesabı ilə uduzan “qırmızılar” buna qədər doğma arenalarında heç 4 top da buraxmamışdılar.
Məğlubiyyətə baxmayaraq, “Liverpul”un futbolçusu Məhəmməd Salah 15-ci dəqiqədə fərqlənərək, 44 qolla turnirin ən məhsuldar afrikalı oyunçusu olan “Çelsi”nin sabiq forvardı Didye Droqbanın rekordunu təkrarlayıb. Sıralamada Samuel Eto 30, Sadio Mane 27, Riyad Mahrez 19 qolla növbəti yerlərdə qərarlaşıblar.
Salah, eyni zamanda, “Liverpul”un heyətində ÇL-də ən çox məhsuldar ötürmə rekordunu yeniləyib. David Nunyesin hesabı açmasına şərait yaradan misirli “mersisaydlılar”la turnirdə 13-cü assistini edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 15-də “Santyaqo Bernabeu”da keçiriləcək.