"Həftəsonu olduğu üçün azarkeşlər də stadiona gəldi".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı" komandasının baş məşqçisi Vüqar Əsgərli evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis qarşılaşmanın maraqlı və çətin alındığını bildirib: "Neftçi" ölkəmizin flaqmanıdır, azarkeşlər tərəfindən çox sevilir. Çətin olacağını bilirdik. Futbolçular gözlədiyimizdən də artıq oyun nümayiş etdirdi. Rəqibə əzmkarlıqda, taktiki planda geri qalmadıq. Təəssüf ki, ani diqqətsizlik qolla nəticələndi. "Neftçi"ni təbrik edir və gələcəkdə onlara uğurlar arzulayıram. Biz də yolumuza davam edirik".
Əsgərli qol vəziyyətlərindən yararlana bilməmələrini belə əsaslandırıb: "Futbolda belə anlar çoxdur. Fərqi yoxdur, meydanda kimdir. Əks-hücumların sonluğunu gətirmək üçün məşqdə işləyirik. Matç heç-heçə ilə başa çatsaydı, ədalətli nəticə olardı. Amma "Neftçi"nin də yaxşı oyununu vurğulamalıyıq".
Baş məşqçi görüşün 60-cı dəqiqəsindən sonra futbolçularının yorğun görünmələri fikri ilə razılaşmayıb: "Futbolun gözəlliyi budur ki, hamı eyni görə bilmir. Amma bizdə GPS-lər var, futbolçuları 90 dəqiqə izləyirik. Hansının gücü tükənirsə, onu əvəz edirik. Sırf taktiki gedişə görə yox, fiziki hazırlığa görə. Oyunçular istədiyimiz məsafələrə qaçıblar, mübarizə aparıblar. Son dəqiqələrdə 3-4 qol şansımız oldu. Hər halda, hücum edib, 100 metr geriyə qayıtmaq asan iş deyil".
Mütəəssis bu mövsüm "Neftçi"yə qol vura bilməmələrinə toxunub: "Ardıcıl dörd oyundur ki, üst pillələrdə qərarlaşan komandalarla oynayırıq. Futbolçularla danışırıq ki, ani diqqətsizliyimiz olmamalıdır. Çünki usta futbolçular bunu bağışlamır. "Sabah"a qarşı istədiyimizi göstərdilər. Bu gün ilk yarıdakı epizodları vursaydıq, bunlar yaşanmazdı".