“Oyunun əhəmiyyətini dərk edirdik. “Zirə” bizim turnir cədvəlindəki əsas rəqibimizdir. Düşünürəm ki, komandamız layiqli qələbə qazandı. “Sabah”la görüşdə son dəqiqələrdə qol buraxsaq da, həftə ərzində eniş yaşanmadı. Hər məşqdə hiss edirdik ki, futbolçular yüksək motivasiya ilə hazırlaşır".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 19-cu turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandadan razı olduğunu bildirib: "Məğlub olanda da meydanda istədiyimi verirdi. Hələ çempionat bitməyib. Bu görüşü unutmalı və qarşıdakı matçları düşünməliyik. Hələ heç bir üstünlük yoxdur. Qarşıda çox sayda oyunlar var. Mütləq şəkildə həmin matçlara da hazırlaşmaq lazımdır. Sırf bu görüşün eyforiyası ilə yaşamaq da olmaz. Çempionatda 4-cü olub avrokuboklara getməmək də mümkündür. Ona görə həm kuboka, həm Premyer Liqada mübarizəyə davam edəcəyik. Futbolçularına inanıram və həmişə dəstək olacağam. Komandamız çox istəklidir. Onlar da iddiadan əl çəkməyəcək”.