UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar İspaniya və İtaliyada təşkil olunub.
Turnirin son qalibi "Real Madrid" İngiltərənin "Çelsi" komandasını qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə Kərim Benzema açıb. 59-cu dəqiqədə Ben Çiluell qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyub. "Real Madrid" say üstünlüyü əldə etdikdən sonra daha bir qol vurub: 74-cü dəqiqədə Marko Asensio fərqlənib.
İtaliyanın iki təmsilçisi - "Milan" və "Napoli" arasında keçirilmiş görüşün taleyini isə bir qol həll edib. 40-cı dəqiqədə İsmael Bennaser meydan sahiblərinə qələbə qazandırıb. 74-cü dəqiqədə Andre Zambo Angissa qırmızı vərəqə alaraq, qonaqları say azlığında qoysa da, hesabda dəyişiklik baş verməyib.
Cavab görüşləri aprelin 18-də keçiriləcək.
12 aprel
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:0
Qol: Kərim Benzema, 22. Marko Asensio, 74
Qırmızı vərəqə: Ben Çiluell, 59 ("Çelsi")
Madrid, "Santyaqo Bernabeu" stadionu
Baş hakim: Fransua Letesyo (Fransa)
23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya) - 1:0
Qol: İsmael Bennaser, 40
Qırmızı vərəqə: Andre Zambo Angissa, 74 ("Napoli")
Milan, "Cüzeppe Meatsa" stadionu
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Qeyd edək ki, ilk oyun günündə "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sını böyük hesabla yenib - 3:0. İtaliya "İnter"i isə Portuqaliyada "Benfika" üzərində inamlı qələbə qazanıb.