"Futbolun gözəllliyi də bundadır ki, azarkeşlər üçün oyun zamanı gözlənilməzliklər baş verir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XXXI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
51 yaşlı mütəxəssis nəticənin ədalətli olduğunu bildirib: "Oyuna hər iki komanda yaxşı hazırlaşmışdı. "Zirə" hesabda geri düşsə də, oyundan qopmadı və 2 qol vurdu. Qol epizodları bol oldu. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Belə davam etsək, daha yaxşı nəticələrimiz irəlidə olacaq".
Qurbanov ardıcıl qollar buraxdıqdan sonra əvəzetmələrə əl atmamasının səbəbini də açıqlayıb: "Oyun normal gedirdi. İkinci hissənin əvvəllərində düşündüyümüz kimi alınmadı və 2 top buraxdı. Ehtiyat etdim ki, oyun əldən gedər. Çünki bəzi futbolçularımız çoxdandır oynamırdı. Sonadək istədiyimizi meydanda qurmaq istədik".
Qurbanov matçda iştirak etməyən Adama Diakabinin ötən tur "Sabah"la matçda zədələndiyini və bu səbəbdən, kollektivlə məşqlərə iki gündən sonra qatılacağını söyləyib.