
"Rəqiblə bağlı müəyyən düşüncələrimiz, qənaətimiz var".
Sportnet.az xəbər verir ki, bunu Polşa "Rakuv"unun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqibləri olan "Qarabağ"ın Avstriyada "Legiya"ya 0:2 hesabı ilə uduzduğu yoxlama oyunu barədə danışarkən deyib.
33 yaşlı mütəxəssis bildirib ki, sınaq matçlarına əsaslanan fikir yürütmək istəmir: "Həm "Qarabağ"ın, həm də "Legiya"nın keyfiyyətini dəqiq bilirik. Amma bu görüşdən tam təfərrüatlı nəticələr çıxarmağın mənası yoxdur. Çünki bu, illüziya olardı. Çox vaxt yoldaşlıq oyunları reallığı əks etdirmir".
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə qarşılaşacaq. "Köhlən atlar" bu komandanı keçəcəyi halda növbəti raundda "Rakuv" - "Flora" (Estoniya) cütünün güclüsünü sınağa çəkəcək.