"UEFA Konfrans Liqasının qrup mərhələsinə düşmək istəyirik və bunun üçün çalışacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Azər Əliyev klubun rəsmi saytına müsahibəsində deyib.
29 yaşlı yarımmüdafiəçi potensial rəqibləri olan "Jelezniçar" (Bosniya və Herseqovina) və "Dinamo" (Minsk, Belarus) klubları haqqında məlumatının olmadığını söyləyib: "Bu komandaların öz aralarındakı oyunlardan sonra yəqin ki, məşqçilər korpusu avrokuboklardakı ilk rəqibimiz haqqında bizə ətraflı məlumat verəcək".
Əliyev Rusiyadakı təlim-məşq toplanışı haqqında fikirlərini bölüşüb: "Gözəl şəhərdə və yaxşı meydançalarda məşq edirik. Beynəlxalq turnirində mübarizə aparırıq. Düşünürəm ki, yeni mövsüm üçün bu, çox yaxşı hazırlıqdır".
O, turnirdə keçirdikləri iki matç haqqında danışıb: "Çox güclü rəqiblərlə qarşılaşırıq. “Zenit” və “Srvena Zvezda” ilə matçlardakı nəticəyə baxmayaraq, fikrimcə, keyfiyyətli oyun göstərdik. Həm də əsas odur ki, yüklənə bildik. Təlim-məşq toplanışında olduğumuzu nəzərə alsaq, hazırda bizim üçün ən vacibi budur. Bu mənada nəticə önəmli deyil. Heyətin formalaşması və taktiki baxımdan da belə oyunlar bizim üçün çox əhəmiyyətlidir. Əminəm ki, “Fenerbağça” ilə görüşümüz də maraqlı alınacaq".
Yarımmüdafiəçi Moskva “Spartak”ına qarşı iyulun 18-dəki yoxlama görüşünə də toxunub: "Bu görüş mənim üçün xüsusi önəm daşımır, amma təbii ki, “Spartak” kimi komandaya qarşı oynamaq xoş olacaq. Həm də qeyd etdiyiniz kimi, mən “qırmızı-ağlar”a qarşı az oynamamışam. Təlim-məşq toplanışı çərçivəsində keyfiyyətli meydançada güclü rəqiblə qarşılaşmaq maraqlı və komandamız üçün çox faydalıdır".