
“Boluda təşkil olunan təlim-məşq toplanışında ilk oyunumuzu keçirdik. Əsas istəyimiz yeni oyunçuları fərqli mövqelərdə sınamaq idi. Komandamızla Türkiyə hazırlığına qatılan gənc futbolçularımıza da oyun praktikası qazanmaq imkanı verməyi düşünürdük".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədə təlim-məşq toplanışı çərçivəsində Moldovanın 1-ci divizion təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəldikləri ilk yoxlama oyunundan sonra klubun saytına deyib.
O bildirib ki, belə qarşılaşmalarda nəticə böyük önəm daşımır: "Əsas odur ki, bu gün istədiklərimizi həyata keçirə bildik. Hazırlıq prosesinin indiki mərhələsində hər şeyin bir az çətin alındığını başa düşürük. Həm yeni oyunçular adaptasiya dövrü keçir, həm də klubumuzun yetirməsi olan gənclər əsas komandaya uyğunlaşır. Futbolçularımız oyundan-oyuna optimal formaya yaxınlaşacaq. Bu da sevindiricidir ki, komanda qarşıdakı görüşlərdə daha hazırlıqlı olacaq”.