"Uzun müddətdən sonra ilk oyunumuz idi. Ağır yükləmələrdən sonra matçın çətin keçəcəyini bilirdik. Amma futbolçularımdakı əzmkarlıq xoşuma gəldi. Bir qol fərqi ilə məğlub olsaq da, sona qədər mübarizə apardılar, oyun intizamına sadiq qaldılar. Onların hansı ağır şəraitdə oynadıqlarını mən bilirəm. Yüksəklik, temperatur fərqi, ağır fiziki məşqlərdən sonra yenə də onlardan istədiklərimi ala bilməyim məni sevindirdi".
Sportnet.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyənin Ərzurum şəhərində Superliqa təmsilçisi "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları oyun barədə klubun saytına danışarkən deyib.
"Yeni transferlərimiz bizə burada qoşuldular, komanda ilə cəmi 5-6 məşqə çıxıblar, bununla belə, ümumi ansambldan kənarda qalmamağa, mümkün qədər verilən tapşırıqları icra etməyə çalışdılar. Aydın məsələdir ki, tam olaraq hər şeyi yerində etmək üçün müəyyən qədər vaxta ehtiyac var. Bununla belə, istər Erik Sorqa, istər Roi Kahat, istərsə də İsa Suliman ümumi taktiki planda özlərini yaxşı tərəfdən göstərə bildilər. Ümumi təəssüratlarım yaxşıdır, məşqlərə davam edirik, daha yaxşı olacağıq" - deyə o bildirib.