"Futbolçularımla fəxr edirəm. Rəqibə qarşı əsl döyüşçü kimi oynadılar".
Sportnet.az xəbər verir ki, bunları "Jelezniçar"ın baş məşqçisi Nermin Başiç Bosniya və Herseqovinada "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis son dəqiqələrdə buraxılan qola görə məyus olduğunu gizlətməyib: "Avropada müdafiə olunmağı öyrənmək üçün əziyyət çəkməlisən. Sonadək bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".
"Nefçi"nin texniki cəhətdən güclü komanda olduğunu bildirən çalışdırıcı "ağ-qaralar"a çox qol şansı vermədiklərini söyləyib: "Rəqib oyunçuları yaxşı bağladıq. Sadəcə, son dəqiqələrdə bir az risk etdik. Hakim oynamağa icazə verdiyi üçün temp yüksək idi".
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.