"Yaxşı, sürətli, keyfiyyətli oyun alındı. Hər iki komanda çox istəkli idi. Oyun bizim üçün ilk yarıda daha yaxşı alınırdı, tamamilə nəzarətimizdə keçdi. Hesabı da açan tərəf olduq. Lakin sonradan gözlənilmədən qol buraxdıq. Halbuki, "Səbail" daha böyük qüvvə ilə irəli getməyə başladı. Müdafiəsində boşluqlar yaranırdı. Həmin dəqiqələrdə nəticəni mütləq inkişaf etdirmək lazım idi. Tam əksinə, onlar bizi cəzalandırdı. Ümumən ilk yarı bizim üçün çox yaxşı keçdi. Lakin ikinci hissənin əvvəlində "Səbail" də aktiv oynamağa başladı. Matçın 70-ci dəqiqəsindən sonra üstünlük yenə biz tərəfə keçdi. Hücumlar qururduq, ərazi bütövlüyü bizdəydi. Mövqe hücumu ilə fərqlənmək alınmadı, amma sürətli hücumla qol vurduq. Futbolçularım xarakter göstərdi, yaxşı mübarizə apardı. Rəqibə qol vurmaq imkanı vermədilər. Vacib üç xal qazandıq. Komandamı, azarkeşləri, rəhbərliyimizi təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turunun "Səbail"lə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, komandasının 2:1 hesablı səfər qələbəsi barədə danışıb.
- Üç oyunda üç qələbə qazana bilmisiz. Bu, qarşıdakı matçlar üçün motivasiya olacaq?
- Özünüz də görürsüz, necə proqnoz verilirdisə, bu mövsüm çempionat elə də gərgin başlayıb. "Sumqayıt" itkisiz irəliləyir, "Turan Tovuz" üç səfər matçından altı xal toplayıb. "Sabah", " Neftçi, "Qarabağ" harda xal itirsə də, mövsümün sonuna yaxın öz formalarına çatacaqlar. Bu mövsüm gərgin keçir. Ötən mövsüm üç oyundan bir qələbə qazanırdın, yaxşı hesab edilirdi, bu mövsüm üç oyunda da qələbə qazanmısan və baxırsan ki, rəqiblər yenə sənə yaxındır, böyük fərq yaranmayıb. Bu bir daha onu göstərir ki, gərgin mübarizə bizi gözləyir. Komanda olaraq, buna hazır olmalıyıq.
- Filipe Paxtmanın qol vurmasına ən çox sevinənlərdən biri siz olduz. Onu meydana buraxanda qol vuracağını hiss etmişdiz?
- Paxtmanı bir az daha erkən meydana buraxmaq istəyirdim. Sadəcə süni örtüklü meydanı nəzərə alıb, düşündük ki, son 15-20 dəqiqədə onun xidmətindən istifadə edək. Amma əslində, 60-cı dəqiqədən sonra onu meydana buraxmaq olardı. Təbii ki, hardasa qələbəyə görə şadamsa, bir o qədər də Paxtmanın qol vurmasına sevinirəm. Elə qol vurduqdan sonra mənə yaxınlaşıb çox sağol dedi. O da bilir, hiss edir ki, komandamız, rəhbərliyimiz, məşqçilər heyəti ona nə qədər güvənir. Bu gün qol vurması təbii ki, bizi sevindirdi. Gələcəkdə də istəyərəm ki, uğurlu çıxışı stabil olsun.
- Ötən mövsüm bəzən qələbə qazanırdınız, bəzən uduzurdunuz. Amma bu mövsümə üç qələbə ilə başlamısız. Nəyi dəyişdiz ki, bu sezona inamlı start verdiz?
- Təbii ki, hazırlıqda, oyun planında, seleksiyada. Heyət olaraq da, müəyyən dəyişiklərə getdik. Bu dəyişikliklərə ehtiyac olduğunu fikirləşdik. Amma üç qələbəni sırf onunla bağlamaq da düzgün deyil. Ötən mövsüm də az oyunlar olmadı ki, qələbə qazanmalıydıq, sonda uduzduq. Bilmirəm sırf nə ilə bağlayım, deyim ki, bununla bağlıdır. Belə şey yoxdur. Uğurlu start vermişik, istərdim ki, futbolçular bu məsuliyyəti dərk etsinlər və buna uyğun davransınlar, növbəti oyunlara hazırlaşsınlar.