
Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovun çıxış etdiyi Xorvatiyanın "Hayduk" klubu növbəti qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, Split təmsilçisi XXXV turda öz meydanında "Zaqreb"i minimal hesabla yenib - 1:0.
Qurbanov 73-cü dəqiqədə meydana daxil olub. Yeganə qolu isə 19-cu dəqiqədə Nikola Vlaşiç vurub.
Bu nəticə ilə xallarını 49-a çatdıran "Hayduk"un 3-cü pillədəki mövqeyini möhkəmlədib. Amma 4-cü pillədəki "Lokomotiv" (Zaqreb) komandasının ehtiyatda bir oyunu var. Hələlik "Dinamo" (Zaqreb) Çempionlar Liqasına, "Riyeka" vitse-çempion, RNK (Split) ölkə kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqəni təmin qalıb. Avroliqaya son vəsiqəyə isə məhz 3-cü pillənin sahibi yiyələnəcək. Çempionata mayın 30-da keçiriləcək XXXVI tur qarşılaşmaları ilə yekun vurulacaq.
